Mehriban Əliyeva Prezidentə arxa, dayaq durmaqla ölkəmizdə qadınlara nümunədir - Deputatdan AÇIQLAMA

8 Mart 2021 13:52 (UTC+04:00)

"Qadın incəlik, zəriflik, namus və ləyaqət rəmzidir. Qadın ana, bacı, həyat yoldaşı, ailəsinə arxa və dayaqdır. Qadınlar dünyamızın bəzəyi, həyatımızın yaraşığıdır". SİA xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı İlham Məmmədovun 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarına ünvanladığı təbrikdə yer alıb.

Millət vəkilinin sözlərinə görə, həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadınların rolu, izi, əməyi olmasın: "Bu gün həyatımızda əvəssiz rola sahib olan qadınlar ölkəmizin ictimai-siyasi proseslərində aktiv iştirak edir, idarəetmənin müxtəlif sahələrində kişilərlə bərabər çiyin-çiyinə çalışır, fədakarlıq nümayiş etdirirlər. Məhz Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva da cənab Prezidentə arxa, dayaq durmaqla yanaşı, həm də bacarıqlı bir siyasətçi, gözəl bir ana kimi ölkəmizdə qadınlara nümunədir".

İlham Məmmədov bildirib ki, Azərbaycan qadınının böyütdüyü, tərbiyə etdiyi övladlar Vətən müharibəsində torpaqlarımızın azadlığı naminə canlarından, qanlarından keçərək bizə uzun illərin həsrətində olduğumuz qələbə sevincini yaşatdılar: "Biz o, igidlərin anaları qarşısında baş əyir, əllərindən öpürük. Əziz xanımlar, sizləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, sevinc dolu, sevgi dolu günlər arzulayıram. Hər zaman üzünüz gülsün, xoşbəxtlik nəsibiniz olsun. Bayramınız mübarək!"