Nikolu türklər qoruyacaq?

8 Mart 2021 13:25 (UTC+04:00)

Sizi bilmirəm, amma mən artıq Serj Sarkisyanı “qəlbi, könlü tox” biri kimi tanımağa başlayıram. Zarafat deyil, bu gün “mübariz erməni xalqının yolunda” canını “fəda” elə, amma bunun müqabilində xalqdan heç nə umma? Təbii ki, eşitmiş olarsız, ermənilərin “sevimlisi”nə çevrilməyə başlayan Serjik, bu sevgiyə əlavə bir sevgi də qatıb. Belə ki, o, xalq üçün belə “cəfa” çəkməsinə baxmayaraq, bunları təmənnasız etdiyini, yəni bütün etdiklərinin müqabilində ermənilərin yenidən baş naziri olmaq istəmədiyini bildirib.

SİA bu barədə erməni mənbələrinə istinad edir.

Əlbəttə ki, Serjikin belə bir “səmimi” etirafına inananlarla yanaşı, inanmayanlar, hətta bunu başqa yerə yozanlar da olub. Deyilənə görə, Serjin hakimiyyətdə olarkən oğurluqla məşğul olduğunu, nə bilim nə oyunlardan çıxdığını iddia edənlər tapılıb.

Bu yerdə etiraf edilməlidir: Serj yazıq neyləsin, o tək, küçəyə çıxan ermənilər filan qədər? Amma bütün bunlara yanaşı, Serj bu günlərdə yeni bir seçimlə də üz-üzə qalıb. Məsələ budur ki, Serj indi dünənə qədər onun yanında gəzib, hakimiyyətə gələcəyi təqdirdə ondan vəzifə uman erməniləri itirəcəyindən ehtiyatlanır. Sizi bilmirəm, amma mənə görə, Serjin təkcə bir Eduard Şarmazanovu itirməsi, onun Ermənistandakı bütün mövqelərinin sarsılmasına təkan verəcək. Çünki Serjin belə bir “ermənisifət oratoru” itirməsini məncə Adolf Hitlerin oratoru olmuş Henri Himmleri itirməsi ilə müqayisə etmək olar.

...İnanın ki, Sizi bilmirəm, amma məni vaxtilə ermənilərin ikinci prezidenti olmuş Robert Koçaryanın yanıltmac dilində danışması heç açmır. Məsələn, bir müddət bundan əvvəl Robert rus jurnalistlərə verdiyi müsahibələrinin birində Ermənistanda müxalifətə rəhbərlik etmək niyyətində olmadığını bildirib. Robertə deyən gərək, kimə “lya” gəlirsən ə...?

Deməli, müxalifətə rəhbərlik etmək istəmirsənsə, onda belə görünür ki, Ermənistana rəhbərlik etmək istəyirsən də…Yəni vaxtilə ermənilər üçün əkdiyin güllərin, indi də onlara gülabını çəkdirmək istəyirsən. Bax elə, ona görədir ki, ermənilər sənin mitinqlərinə gəlmək istəmirlər də…

Əslində, etiraf edilməlidir ki, bu gün ermənilər Nikol üzərində qələbə qazanacaqları təqdirdə keçmiş liderlərini yenidən hakimiyyətə qayıdacağından yaman qorxurlar. Hə, indi nə olsun ki, Serj Sarkisyan elə deyir, nə bilim, Robert Koçaryan belə deyir. Sabah, bunlardan hansısa biri sivişib hakimiyyətdə oturarsa, Nikol kimi, bunları hakimiyyətdən necə uzaqlaşdıracağınız barədə düşünmüsünüzmü?

Yalan da ki, tanrıya şükür, sizdə çuvalnan. Vaxtilə İngiltərəni kəşf edən, Misir piramidalarını tikən erməni yalanına indi də birini əlavə edirsiniz. Deyirsiz ki, guya bundan sonra nəinki Nikola, hətta onun kölgəsinə belə yaxın düşmək olmayacaq. Hardan əldə etdiyinizi bilməsəm də, əsas da gətirirsiniz. Guya, Nikolu bundan sonra qorumaq üçün onun mühafizəçilərini Türkiyə xidmət orqanlarının xüsusi dəstəsi əvəzləyəcək. Bununla bağlı, hətta danışıqların belə artıq yekunlaşmaq üzrə olduğunu bildirirsiniz.

…Yeri gəlmişkən bildirim ki, sizin bu məlumatın yalan və ya doğru olmasına, haradan əldə etdiyinizə baxmayaraq, sizin belə təlaşlanmağınızı başa düşmək olar.

Ağasəf Babayev