Armenianreport: “Putinin pudeli hakimiyyətə can atır” ANALİTİK

8 Mart 2021 12:18 (UTC+04:00)

“Koçaryan növbəti dəfə bizə sübut etdi ki, o, Rusiyanın adamı və marionetidir və Ermənistanda ali hakimiyyəti caynağına keçirmək üçün o, məhz Kremldən yardım almaq niyyətindədir”. SİA xəbər verir ki, bu barədə armenianreport “Putinin pudeli hakimiyyətə can atır” sərlövhəli məqaləsində yazır.

Erməni xəbər saytının analitik bölməsində Koçaryanın Rusiya KİV-ləri üçün keçirilən mətbuat konfransındakı fikirlərinə diqqət çəkilib və bildirilir ki, eks-prezident məhz həmin mətuat konfransında səsləndirdiyi səs-küylü bəyanatı ilə sözügedən niyyətini ortaya qoyub. SİTAT: “Əgər bugünə qədər kimsə müxalifətin və Baş qərargah qiyamının arxasından Koçaryanın qulaqlarının görünməsinə şübhə edirdisə, artıq indi bəllidir – ikinci prezident Paşinyanın yerinə iddialıdır. Özü də Rusiyanın və dostu Vadimir Putinin açıq dəstəyi ilə. Axı Koçaryanın mətbuat konfransına ermənilərin deyil, məhz rusların KİV-lərini dəvət etməsini başqa cür necə izah etmək olar?”.

Armenianreort əlavə edir ki, əgər Koçaryan özünün seçkiqabağı proqramını erməni cəmiyyəti üçün açmaq niyyətində idisə, rusiyalı deyil, məhz erməni jurnalistləri qarşısında danışmalı idi. Bu vasitə ilə o, Rusiyanın dəstəyi ilə hakimiyyətə iddialı olduğunu təsdiq edir.

Saytın qeyd etdiyinə görə, Koçaryan danışarkən daha çox diqqəti Nikol Paşinyanı hakimiyyətə gətirmiş Soros fonduna tərəf çəkib və bununla Rusiyaya tərəf oynayıb. “Sorosun rəhbərlik etdiyi ideyalar və dəyərlər Ermənistanı özünüməhvə doğru aparır”, deyə eks-prezident bildirib.

Daha bir maraqlı məqam isə Koçaryanın mətbuat konfransından sonra Kremlin verdiyi müəmmalı bəyanatıdır. “Mətbuat konfransından dərhal sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tələsik şəkildə bəyan etdi ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan Rusiyaya dost siyasətçidir, ancaq o öz fəaliyyətini Moskva ilə razılaşdırmır.
“Əgər bu belədirsə, onda belə bir tələsik bəyanatı verməyə hansı gərək var idi?”, deyə yazıda sual olunur.

Bununla yanaşı bildirilir ki, Moskva da bu oyunda Koçaryana tərəf oynayır. Məhz bu yanaşmadan da çıxış edən armenianreport Koçaryanın Ermənistanı hansı ağır vəziyyətə gətirib-çıxarması faktlarına toxunur. “Bizim gözlərimiz qarşısında Ermənistan necə nəhəng miqyaslı talana məruz qalırdı? Getmək vaxtı çatanda isə o öz yerini Sarqsyana verdi və o da Koçaryana toxunulmazlıq, erməni xalqının qanı üzərində talan etdiyi varının saxlanılması zəmanətini verdi. Bax indi bu cür insan qarşımızda yeni obrazda dayanmağa cəhd göstərir? Aldanmayın!”armenianreport yazır və xatırladır ki, 2018-ci ildə xalq Sarqsyan iqtidarını qovarkən eyni zamanda, Koçaryan siyasətinin də üzərindən xətlər çəkmişdi.

“İndi isə Koçaryan özünün mətbuat konfransında bizə açıq-aydın olaraq anlatdı ki, hakimiyyətə yiyələnəcəyi halda, o, Ermənistanı Rusiyanın satelliti olma prosesini möhkəmləndirəcək. Ancaq o səhv edir...”, deyə yazan erməni saytı daha bir maraqlı məqama da toxunur və qeyd edir ki, hətta yaxın vaxtlarda seçkilər keçirilərsə və Paşinyan yenidən seçilməzsə, bu zaman Koçaryan dəqiq şəkildə onu dəyişməyəcək. Onun yeri həbsxanadadır, erməni hakimiyyətinin yuxarı eşalonunda deyil...”, adıçəkilən saytın analitik bölməsində bildirilir.

Rövşən RƏSULOV