Qənirə Paşayeva şəhid kapitan Nurlan Mustafayevin anası ilə görüşüb FOTO

7 Mart 2021 12:10 (UTC+04:00)

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Nurlan Mustafayevin anası Rahilə Mustafa qızı Ramazanova ilə görüşüb, ürək sözlərini bölüşüb:

"Əziz şəhid anası, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox siz şəhid anaları haqq edirsiniz. Biz sizə çox minnətdarıq! Şəhid zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub, Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Nurlan Mustafayev "Azərbaycan Bayrağı" ordeni, eləcə də “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Nurlan Mustafayev kimi peşəkar zabitlərimizlə hər zaman qürur duyacağıq!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirk"!

Şəhid kapitanın anasına Komitə adından Məktub və Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki Nurlan Mustafayev 2005-2008-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə, 2008-2012-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, 2010-2013-cü illərdə isə Almaniyada Hərbi Liseydə "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil almışdı.

Ruhu şad olsun!