"İqtisadiyyat hökumətin nəzarətindən çıxıb və uçuruma gedir" Artur Xaçatryan

6 Mart 2021 14:10 (UTC+04:00)

"İstehlakın artımı üçün insanların pulu olmalıdır, amma insanların pulu yoxdur." SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Daşnaqsütyun" nümayəndəsi, Ermənistan Respublikasının keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan tert.am saytına verdiyi müsahibəsində iqtisadi göstəricilərə istinad edərək söyləyib.
Keçmiş nazirin sözlərinə görə, rəsmi dövlət rəqəmlərinə inanılsa belə, görünür ki, iqtisadiyyat sərbəst düşmədə davam edir.
"İqtisadi fəaliyyətimizdə, idxal və ixracatda azalma müşahidə edilir, miqrasiyanın artdığına dair dəlillər var, qiymətlərdə əhəmiyyətli bir artım görünür. Bir ay əvvəl olan onsuz da yüksək qiymətlər artıq bir az da artıb", deyə keçmiş kənd təsərrüfatı naziri xatırladıb.
Artur Xaçatryan qeyd edib ki, Mərkəzi Bankın israrlı səylərinə baxmayaraq dram əsas valyutalara qarşı dəyərsizləşməkdə davam edir.
"Bütün bunlar iqtisadiyyatın sadəcə hökumətin nəzarətindən çıxdığını, sərbəst şəkildə düşdüyünü və Ermənistan Respublikasındakı digər sahələr kimi uçuruma doğru getdiyini göstərir", deyə Artur Xaçatryan bildirib.
Artur Xaçatryan, hökumət üzvlərinin hazırlığının, iqtisadi baxışının olmamasını nəzərə alaraq bütün bunları təbii hesab edir. O, qeyd edir ki, istehlakın artması üçün insanların pulu olmalıdır, amma insanların pulu yoxdur. Artur Xaçatryan, hökumətin iqtisadiyyatı canlandırmaq üçün heç bir şey etmədiyini, heç bir investisiya qoyulmadığını da qeyd edib.