Gömrükçülərə Yük Hədəfləmə Sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

6 Mart 2021 13:18 (UTC+04:00)
Dövlət Gömrük Komitəsi (DGK) sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə gömrük orqanlarının vəzifəli şəxsləri üçün Ümumdünya Gömrük Təşkilatının Yük Hədəfləmə Sisteminin (YHS) tətbiqi ilə bağlı videokonfrans formatında 5 günlük təlim keçirilib. DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SİA-ya bildirilib ki, Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında 2020-ci il aprelin 27-də Yük Hədəfləmə Sisteminin proqram təminatının tətbiq edilməsi üzrə müqavilə imzalanıb. YHS yüklərə dair məlumatların toplanmasına, saxlanmasına və mübadilə edilməsinə imkan yaratmaqla risklərin qiymətləndirilməsi və idarə edilməsi üçün hazırlanmış proqramdır. Bu sistem yüksək riskli yüklərin müəyyənləşdirilməsinə və aşağı riskli yüklərin gömrük sərhəd buraxılış məntəqələrindən keçidinin sürətləndirilməsinə, bununla da ticarətin asanlaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə imkan yaradır. Təlimdə DGK-nın strukturuna daxil olan müvafiq qurumların əməkdaşları iştirak ediblər. Onlar risklərin idarə edilməsi məqsədilə YHS proqramının funksiyaları, imkanlarını öyrənib, məlumatları təhlil etmək və riskləri qiymətləndirmək bacarıqlarına yiyələniblər.