Polis sosial şəbəkə vasitəsilə narkotik vasitə əldə edən şəxsi saxlayıb

6 Mart 2021 11:52 (UTC+04:00)
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 8 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbut Xidmətinin Lənkəran regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev və Abşeron rayon sakini Q.Əliyev sonuncunun idarə etdiyi "Nexia" markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətiriliblər. Həmin avtomobilə keçirilən baxış zamanı oradan R.Əliyevə məxsus ayrı-ayrı bağlamalarda ümumi çəkisi 4 kiloqram 670 qram olan heroin, 270 qram psixotop maddə metamfetamin və 2 kiloqram 870 qram həşiş qətranı aşkarlanaraq götürülüb. R.Əliyevin narkotik vasitələri sosial şəbəkə vasitəsilə xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyi müəyyən olunub. Faktla bağlı araşdırmalar aparılır.