Özbəkistan portalı Prezidentin Pakistan nümayəndə heyətini qəbul etməsi haqqında məqalə yayıb

6 Mart 2021 11:33 (UTC+04:00)

Özbəkistanın "fikr.uz" portalında Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul etməsi haqqında rus dilində material yerləşdirilib. SİA xəbər verir ki, məqalədə görüş zamanı dövlətimizin başçısının 44 günlük Vətən müharibəsi haqqında məlumat verdiyi, Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələr verdiyi diqqətə çatdırılır.

Yazıda Prezident İlham Əliyevdən sitat gətirilərək qeyd olunur: "Biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik, çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır".

Yazıda bildirilir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Biz beynəlxalq hüququn işləmədiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində icra edilmədiyini, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığını, Ermənistanın cəzalandırılmadığını və sonsuz danışıqların dalana dirəndiyini görəndə ədaləti özümüz bərpa etməli olduq. Yəni, beynəlxalq hüquq işləmədiyi halda, o, güc vasitəsilə həyata keçirilməlidir. Biz buna nail olduq və bunu bütün dünyaya nümayiş etdirdik".

Dövlət başçısı vurğulayıb ki, biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik. Beləliklə, bizim hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək.