Azərbaycan Milli Kitabxanasının direktoru İstanbulda növbəti görüş keçirib

6 Mart 2021 09:30 (UTC+04:00)

Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində nümayəndə heyətinin üzvü, Milli Kitabxananın direktoru Kərim Tahirov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Yazma Əsərlər Kurumu Başkanlığının rəhbəri Muhittin Mecit ilə görüşüb.

Kitabxanadan SİA-ya bildirilib ki, görüş zamanı K.Tahirov 2019-cu ildə baş tutan görüşlərinin yekunu kimi Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə keçirilən “İmadəddin Nəsimi İli” çərçivəsində Nəsimi əlyazmalarının rəqəmsal nüsxələrinin Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmasına köməklik göstərdiyinə görə Muhittin Mecitə təşəkkürünü bildirib.

Bu hədiyyənin Azərbaycan alimləri üçün böyük töhfə olduğunu qeyd edən K.Tahirov, Azərbaycan xalqına mənsub olan və onun görkəmli nümayəndələrinə mənsub olan qiymətli mədəniyyət sərvətlərimizin zaman-zaman xarici ölkələrə daşındığını və hazırda bir sıra xarici ölkələrin kitabxana və muzeylərini bəzədiyini, eyni zamanda 2019-cu ildən Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə birgə həyata keçirdiyi “Milli mədəniyyət sərvətlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində çoxlu sayda qiymətli əlyazmaların ölkəmizə gətirildiyini qeyd edib. Bu ilin Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olduğunu Muhittin Mecitin diqqətinə çatdıran K.Tahirov, dahi Azərbaycan şairi Nizami Gəncəvinin çoxlu sayda əlyazmalarının Türkiyə kitabxanalarının və muzeylərinin fondlarında mühafizə olunduğunu bildirərək, həmin əlyazmaların rəqəmsal nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsinə köməklik göstərməsini xahiş edib.

Muhittin Mecit Kərim Tahirova minnətdarlığını bildirərək, iki qardaş xalqın ortaq mənəvi dəyərlərinin kifayət qədər olduğunu və bu dəyərlərin bütün sahələrdə birgə əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, həmin dəyərlərin qarşılıqlı paylaşılmasının mədəniyyətlərimizin zənginləşməsinə böyük töhfə verəcəyini söyləyib. Eyni zamanda, mədəni və ədəbi əlaqələrimizin daha da möhkəmlənməsi baxımından qiymətli əlyazmaların rəqəmsal surətlərinin paylaşılmasının da bu mənada istisna təşkil etmədiyini vurğulayan M.Mecit, bu istiqamətdə Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. O, dahi Nizami Gəncəvinin müvafiq əlyazmalarının siyahısının təqdim olunduğu təqdirdə, onların rəqəmsal nüsxələrinin çatdırılmasına hazır olduqlarını bildirib.

Sonra Kərim Tahirov bu yaxınlarda Praqa Milli Kitabxanasında çoxlu sayda türkdilli əlyazmaları aşkar etdiyini də tərəf müqabilinin diqqətinə çatdıraraq, həmin əlyazmaların Azərbaycan Milli Kitabxanası tərəfindən çap olunan kataloqunu Türkiyə tərəfinə təqdim edib, habelə onların rəqəmsallaşması istiqamətində Çexiya Milli Kitabxanası ilə danışıqlar aparıldığını bildirib. Həmin əlyazmalardan tamamilə xəbərsiz olduqlarını bildirən Türkiyə tərəfi əldə olunacaq türkdilli əlyazmaların elektron nüsxələrinin onlara da verilməsini xahiş edib. Bu təklif məmnuniyyətlə qarşılanıb.

Görüşün sonunda belə faydalı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi məqsədilə yaxın günlərdə ikitərəfli memorandumun imzalanması qərara alınıb.