“Türkiyə-Pakistan-Azərbaycan hərbi bloku yaradılmalıdır” ÖZƏL-RƏY

5 Mart 2021 16:55 (UTC+04:00)

"Türkiyə və Pakistan Azərbaycanın ən yaxın strateji müttəfiqi olan ölkələrdir. Hər iki dost və qardaş ölkənin Azərbaycanla hərbi müttəfiqliyinin olması da lazımdır. 44 günlük müharibə vaxtı da Azərbaycanı daim dəstəkləyən ölkələr məhz elə Türkiyə ilə Pakistan oldu. Hər iki qardaş dövlət müharibənin sonuna qədər Azərbaycana hər cür dəstəklərini ifadə etdilər". Bunu AMİP funksioneri Əli Orucov "Səs" qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan hərbi əməkdaşlığı o səviyyədə artırmalıdır ki, böyük uğura gətirib çıxarsın: "Mən deyərdim ki, bəlkə də gecikmişik. Çünki Azərbaycan elə bir geopolitik ərazidə yerləşir ki, burda böyük dövlətlərin maraqları həmişə toqquşur. Xüsusən də Rusiya özünü Cənubi Qafqazın hegemon bir dövləti hesab edir və özünü təsir və maraq dairəsi hesab edir. Bu baxımdan, hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə müttəfiqlik genişləndirilməlidir. Bunların birlikdə hərbi blok yaradılmasına ehtiyac var və düşünürəm ki, gec-tez bu baş verəcəkdir. Çünki artıq müəyyən təcrübə, əməkdaşlıq var. Bildiyiniz kimi, birgə təlimlərdə həyata keçirildi. Bir sözlə, bu vacibdir və bunu gecikdirmək olmaz".

Ə.Orucov onu da bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və hazırda da həmin hərəkata sədrliyi Azərbaycan edir: "Amma hərbi ittifaqın yaranması hələlik mümkün olmasa da, ən azından bu hərbi əməkdaşlıq daha genişləndirilməlidir. Hərbi daha geniş sferaları əhatə etməlidir".