Qazilərə və şəhid ailələrinə qayğı daim diqqət mərkəzindədir

5 Mart 2021 14:36 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı rayonun şəhid ailələrini və qazilərini daim diqqətdə saxlayır. Rayon təşkilatının rəhbərliyi, Qadınlar Şurası və Gənclər Birliyi müxtəlif aksiyalar formasında şəhid ailələrini və qaziləri ziyarət edir, onların problemlərinin həllinə yardımçı olur, dəstəyini verir.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, sədr müavini Ramin Əhmədov və ƏİPT sədrləri növbəti dəfə qazilərə baş çəkiblər, dövlətin bu sahədə həyata keçirdiyi işlər barədə məlumat veriblər, ailələrinə köməklik ediblər. Vətən müharibəsində xalqımızın milli birliyi ilə əldə olunan qələbədə, Zəfər tarixinin yazılmasında qazilərimizin və şəhidlərimizin xüsusi payı olduğunu qeyd ediblər, onlara partiya üzvləri adından təşəkkürlərini çatdırıblar.

Qazilər də öz növbələrində Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürlərini bildiriblər.