Mərkəzi Gömrük Hospitalının həkimləri beynəlxalq pediatrik təlimdə iştirak ediblər

5 Mart 2021 14:27 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının pediatrları Dr.Fərəh Vahabova, Dr. Ülkər Məhərrəmova və Dr.Aygün Sadıxova Amerika Ürək Assosiasiyasının təşkil etdiyi “Təkmil pediatrik həyata dəstək” təlimində (PALS) onlayn olaraq iştirak ediblər. PALS təlimi uşaqlarda müxtəlif klinik halların idarə olunması, o cümlədən aritmiyaların diaqnostikasının, ürək dayanmasının, bradi- və taxi-aritmiyaların müalicəsinin, pediatrik EKQ əsaslarının və digər mühüm mövzuların öyrədilməsinə yönəldilib.

Təlimdə iştirak edən həkimlər uşaqlarda aritmiyaların diaqnostikasınn və ürək-ağciyər pozğunluqlarının, o cümlədən ürək dayanması və respirator çatışmazlıq hallarının vaxtında aşkar edilməsini və müalicəsini öyrəniblər. Onlar uşaqlarda ürək-ağciyər dayanması hallarının qarşısının alınması, bunun erkən aşkar edilməsi və uğurlu reanimasiya tədbirlərinin tətbiqi ilə tanış olublar.

Təkmil Pediatrik Həyata Dəstək (PALS) təlimi Amerika Ürək Assosiasiyası/Amerika Kardiologiya Cəmiyyəti və Amerika Pediatriya Akademiyası tərəfindən tibb mütəxəssislərinin davamlı tibbi təhsili və praktik vərdişlərinin təkmilləşdirilməsi üçün nəzərdə tutulan təlim kursudur. Hospitalın həmin təlimdə iştirak edən həkimləri Amerika Ürək Assosiasiyasının sertifikatına layiq görülüblər. Bu münasibətlə onları ürəkdən təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.