Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib Sədaqət Vəliyeva

5 Mart 2021 13:13 (UTC+04:00)

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə əsaslı bərpa işlərinə start verib. Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı yol, hava limanı, elektrik və başqa infrastruktur layihələrinin təməlini qoyması, açılışında iştirak etməsi Qarabağın cənnətə çevrilməsi prosesinin tərkib hissəsidir. Başlanan bərpa işləri də bir daha göstərir ki, Qarabağda böyük iqtisadi layihələr icra olunacaq, kəndlər, rayonlar, şəhərlər yeni planlara uyğun olaraq bərpa ediləcək, məktəblər, xəstəxanalar, dövlət qurumlarının binaları inşa ediləcək, infrastruktur yaradılacaq. Bu mənada artıq Azərbaycan böyük investorlar üçün daha maraqlı ölkəyə çevrilməkdədir. Cənab Prezident İlham Əliyevin mütəmadi olaraq beynəlxalq miqyasda nüfuzlu olan şirkət rəhbərləri ilə görüşməsi, onların işğaldan azad olunmuş ərazilərdə görəcəkləri işlərə dair fikir mübadilələri aparması bir daha deyilənləri sübut edir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib: “Azərbaycan böyük investorlar üçün artıq daha maraqlı ölkədir. Ərazilərin bərpa olunması da yeni iqtisadi imkanlar yaradacaq. Bu mənada, bütün tərəfdaş və maraq göstərən ölkələr bərpa işlərinə cəlb oluna bilərlər. Bütövlükdə, icra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. Belə ki, on min kvadratkilometrdən çox ərazi azad edilib və həmin yerlərdə şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. Məsələn, üç hava limanı inşa edilir, 100 kilometrlərlə dəmir yolu çəkiləcək, minlərlə kilometr avtomobil yolu salınacaq, məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları və s. inşa ediləcək. Eyni zamanda, Qarabağ alternativ enerji mənbəyinə çevriləcək. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını da bildirib. Bütün bunlar bir daha Azərbaycanı dünyanın iri investorları üçün çox cəlbedici ölkəyə çevirir”.

“Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və sosial-iqtisadi tədbirlər nəticəsində Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcək” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur inşa olunacaq: “Cənab Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında bu məsələlərə toxunaraq bildirib ki, bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Reallaşacaq layihələrdə müasir texnologiyaların potensialına geniş şəkildə müraciət olunacaq, həmçinin, ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. Məhz, dövlətin 2.2 milyard manatlıq investisiyası bu prosesin başlanğıcı hesab olunur. Bundan sonrakı mərhələdə dövlətin əsas vəzifəsi işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bu, şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə reallaşdırılacaq”.