Buraxılış imtahanlarının sadələşməsi üçün təkliflər hökumətə təqdim edildi

5 Mart 2021 09:46 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılması üçün təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.

Mərkəzdən SİA-ya verilən məlumata görə, 2020-ci il mart ayından etibarən ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq edilir. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq hələ də ümumtəhsil müəssisələrində tədris prosesi tam olaraq ənənəvi qaydada həyata keçirilmir. Həmçinin ötən ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi baş verdi. 44 gün ərzində müzəffər ordumuz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı düşməndən azad etdi. Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Baş vermiş hadisələrlə əlaqədar bəzi bölgələrdə təlim-tədris prosesində müəyyən fasilələr yaranmışdır. Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə razılıq əsasında mövcud vəziyyət nəzərə alınaraq ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılması üçün təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Nəzərdə tutulan dəyişikliklərlə bağlı, yəni ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahan proqramı və yeni imtahan modeli 2020-ci ilin dekabrında “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunaraq ictimaiyyət məlumatlandırılıb.

Jurnalda qeyd olunduğu kimi, proqramda əsas hissə kimi 5-ci sinifdən başlayaraq 9-cu sinfin 1-ci yarımilində keçilmiş materiallar götürülür. Tədris prosesində 2-ci yarımildə keçilməsi planlaşdırılan mövzular üzrə tapşırıqlar isə 5-8-ci siniflər üzrə tərtib olunacaq.

Proqram hazırlanarkən ilk növbədə indi 9-cu sinifdə təhsil alan şagirdlərin aşağı siniflərdə keçdikləri dərsliklərlə, hazırda istifadədə olan dərsliklər müqayisə olunmuş və hər iki dərslikdə eyni olan mövzular proqrama daxil edilmişdir. Aşağı sinif dərsliklərinə yeni daxil edilmiş və çıxarılmış mövzular proqrama salınmamışdır. Beləliklə, demək olar ki, proqramda verilmiş mövzuların hamısı tədris prosesində keçilmişdir.

Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 4 mart 2021-ci il tarixli qərarı ilə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırığın verilməsi təsdiq edilmişdir.

Xatırladırıq ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin mütəxəssisləri hazırki vəziyyəti bir daha təhlil edərək tapşırıqların formasını daha da sadələşdiriblər. Əvvəlcədən elan olunduğu kimi, “Abituriyent” jurnalının xüsusi buraxılışında verilən modeldən fərqli olaraq yeni təqdim olunan imtahan modelinə əsasən, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq. İmtahanda iştirakçılara qapalı tipli tapşırıqlar və kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaq.

Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın vaxtlarda otk.az portalı vasitəsilə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

Yeni imtahan modeli aşağıdakı kimidir:

Fənnin adı

Tapşırıqların tipi və sayı
Tədris dili – Dil qaydalarına dair 10 qapalı tapşırıq;
– Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq; bunlardan 8-i qapalı, 2-si açıq tipli (cavabı kodlaşdırıla bilən seçim formalı).
Cəmi:30 tapşırıq
Riyaziyyat – Qapalı tipli 21 tapşırıq;
– Cavabı kodlaşdırıla bilən açıq tipli (hesablama) 4 tapşırıq.
Cəmi: 25 tapşırıq
Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars) – Dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq; bunlardan 5-i qapalı və 1-i cavabı kodlaşdırıla bilən seçim formalı;
– Dil qaydalarına dair 16 tapşırıq: bunlardan 14-ü qapalı və 2‑si açıq tipli (cavabı kodlaşdırıla bilən seçim formalı);
– Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq; bunlardan 7-si qapalı və 1-i açıq tipli (cavabı kodlaşdırıla bilən seçim formalı).
Cəmi: 30 tapşırıq