BƏƏ səfirliyi Azərbaycan nazirlikləri ilə birgə tədbir keçirib

4 Mart 2021 17:57 (UTC+04:00)

Martın 4-də Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfirliyi Azərbaycanın Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə Beynəlxalq Qadınlar Gününə həsr edilmiş onlayn tədbir keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan səfirliyin müvəqqəti işlər vəkili Abdalla Alşamsi müzakirələrin məhsuldar olacağına inamını ifadə edərək, bu tədbirin ölkələrimiz arasında gender bərabərliyi və qadın hüquqlarının genişləndirilməsi sahəsində bir fürsət olduğunu qeyd edib.

O bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, ölkənin inkişafında bu qədər mütərəqqi və aktiv qadınların olmasından qürur duyur. BƏƏ-nin təqvimlərində rəsmi olaraq bu torpağın xanımlarına həsr olunmuş xüsusi bir gün var - 28 avqust. Həmin gün qadınların ölkənin inkişafındakı rolunu tanımaq məqsədi daşıyır. Bu tarixi “Millətin Anası” Şeyxə Fatimə bint Mübarək seçib. Qeyd edilən tarix 1975-ci ildə Ümumi Qadınlar Birliyinin yaranmasına təsadüf edir.

Diqqətə çatdırılıb ki, BƏƏ konstitusiyası bütün vətəndaşlarına bərabər hüquqları təmin edir və ölkədəki qadınlar kişilərlə eyni hüquqi statusa və hüquqlara sahibdirlər. BƏƏ strategiyası qadınların təhsili, sağlamlığı, iqtisadi fürsəti, siyasi iştirakı və gender balanslı qanun yaradıcılığının inkişafını dəstəkləyir. BƏƏ qadınları liderlik, texniki və akademik rollarda vəzifə tuturlar. BƏƏ-də nazir vəzifəsində olan qadınlar da var.

Əmirlik qadınları, həmçinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin heyətinə qoşulur və xarici ölkələrdə diplomat kimi fəaliyyət göstərirlər. Onlar ölkəni yüksək səviyyədə təmsil edirlər. BƏƏ-nin Prezidenti, Zati-aliləri Xəlifə bin Zayed Əl Nəhyanın fərmanına əsasən, Federal Milli Şuranın seçilmiş üzvlərinin 50 faizi qadın olmalıdır.

Vurğulayıb ki, BƏƏ qadınları eləcə də uğurlu iş qadınlarıdır: “Bildiyiniz kimi, BƏƏ Ümid zondunu Marsa müvəffəqiyyətlə göndərdi. Fakt budur ki, bu Missiya komandası üzvlərinin 34 faizi Əmirlik qadınlarıdır. Qadınların hüquqlarının genişləndirilməsi və qorunması BƏƏ-nin xarici yardım strategiyasının əsas sütunlarından biridir. BƏƏ “100 faiz qadın” siyasəti hazırlayıb. Bu siyasətə əsaslanaraq ölkə bu məsələni əmirliklərin humanitar proqram və layihələrinin bir hissəsi kimi saxlayır”.

Sonra qonaqlar BƏƏ-də qadın gününə həsr edilmiş video izləyiblər.

Tədbirdə Gənclər və İdman Nazirliyi Beynəlxalq əlaqələr şöbəsi sektor müdiri Mətanət Məmmədova “Azərbaycanın görkəmli idmançı qadınları”, Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf departamentinin baş konsultantı Günel Məmmədova “Qadın hüquqlarının genişləndirilməsində mədəni və kreativ sənayelərin rolu”, Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq departamenti mütəxəssisi Teymur Şirinov “Gender bərabərliyində təhsilin rolu” mövzusunda çıxış ediblər.