Türkiyəyə səfər çərçivəsində nümayəndə heyətinin sahələr üzrə görüşləri keçirilib FOTOLAR

4 Mart 2021 18:22 (UTC+04:00)

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı heyət üzvləri tərəfindən mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin reallaşdırılması və əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra görüşlər keçirilib.

İncəsənət sahəsi üzrə:

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova İstanbulda Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Opera və Balet Müdiriyyətinin rəhbəri, dünya şöhrətli tenor Murat Karahanla görüşüb.

Görüşdə Türkiyə və Azərbaycan arasında opera və balet sahəsində əməkdaşlıq, müştərək layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Qeyd edək ki, Dövlət Opera və Balet Müdiriyyəti Türkiyədə opera, balet və musiqi sənətini ictimaiyyətə tanıtmaq və yaymaq məqsədilə opera, operetta və balet tamaşaları ilə konsertlər keçirir, daxili və xarici qastrol səfərləri, habelə milli və beynəlxalq festivallar təşkil edir.

Media-kommunikasiya sahəsi üzrə:

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafar-zadə Türkiyənin Demirörən Haber Ajansının (DHA) müdir müavini İclal Tuncay və Kommunikasiya və marketinq müdiri Ayşe Kırımlı ilə görüş keçirib.

Görüşdə ikitərəfli münasibətlər, media-kommunikasiya sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi barədə söhbət açılıb, Azərbaycanla Türkiyə arasında birgə əməkdaşlığın nəticəsi olaraq reallaşan layihələrin Türkiyə mətbuatında işıqlandırılması, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Demirörən Haber Ajansı Türkiyənin konqlomerat şirkəti olan “Demirören Holding”in tərkibində fəaliyyət göstərir. Şirkət “Hürriyet”, “Milliyet”, “Vatan”, “Posta”, “CNNTürk”, “Fanatik” və “Doğan Haber Ajansı” kimi ölkənin ən iri media qruplarına sahibdir.

Kitab və nəşriyyat sahəsi üzrə:

Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Türkiyə Milli Kitabxanasını ziyarət ediblər.

Akif Marifli və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və nəşriyyatlar idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaş arasında keçirilən görüşdə ölkəmizdə kitabxanalarının rəqəmsallaşdırılması və vahid elektron kitabxana sisteminin qurulması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması zamanı Türkiyə təcrübəsinin tətbiqi məsələləri müzakirə edilib.

TEDA proqramı üzrə əməkdaşlıq, təcrübə mübadiləsinin və ortaq layihələrin hazırlanması, həmçinin Azərbaycanın İstanbul Beynəlxalq Kitab Sərgisində, Türkiyənin Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakı barədə söz açılıb, hər iki ölkənin nəşriyyatları arasında əlaqələrinin genişləndirilməsinin zəruriliyi vurğulanıb.

İki ölkə arasında kitabxana işi sahəsində əlaqələr Milli Kitabxananın direktoru Kərim Tahirovun Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaş ilə görüşündə də müzakirə olunub. İki kitabxana arasında mövcud əməkdaşlıq memorandumun yenilənməsinin vacibliyi qeyd edilib.

Söhbət zamanı Türkiyə Milli Kitabxanasında Azərbaycan mədəniyyətinə, tarixinə, ədəbiyyatına və incəsənətinə dair guşənin yaradılacağı bildirilib və Azərbaycan Milli Kitabxanasından bu mövzuda kitabların Türkiyəyə göndərilməsi razılaşdırılıb.

Kərim Tahirov Azərbaycanın işğaldan azad olmuş ərazilərində 975 kitabxananın ermənilər tərəfindən məhv edildiyini, həmin ərazilərdə kitabxanaların fondlarının bərpası üçün kitab toplama kampaniyası başladıldığını da diqqətə çatdırıb. Əli Odabaş bu kampaniyaya dəstək üçün Türkiyə Milli Kitabxanasının kitab göndərəcəyini qeyd edib.

Sonda Kərim Tahirov “Qarabağ. Əsrlərin salnaməsi” (Azərbaycan və ingilis dilində) kitabını Türkiyə Milli Kitabxanasının direktoruna hədiyyə edib.