"Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olub" MƏQALƏ

4 Mart 2021 17:24 (UTC+04:00)

Azərbaycan tarixən müxtəlif xalqların və etnik qrupların birgə yaşamasına şərait yaradan ölkə kimi tanınıb. Azərbaycan xalqının qonaqpərvər, mehriban, sülhsevər olması heç birimiz üçün sirr deyildir. Rus, gürcü, ləzgi, talış, ingilis və bir çox digər millətlərin nümayəndələri ölkədə daimi məskunlaşaraq yaşayır və heç zaman da yerli xalq tərəfindən ayrıseçkiliyə məruz qalmır.

Xalqımız coğrafi və geosiyasi baxımdan həmişə bütün dünyaya açıq olmuş, ən müxtəlif mədəniyyətlər arasında sintez-qovşaq missiyasını daşıyıb. Şərq mədəniyyətini dünya və Avropa mədəniyyətinə və əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynayıb. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürüb. Həqiqətən ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal tolerantlıq məkanıdır. Azərbaycanın dövlət siyasəti də multikulturalist, digər xalqların adət ənənələrinə, dini baxışlarına hörmət üzərində qurulub. Məhz bu səbəbdən də Azərbaycanın tarixi torpaqlarında – Qarabağ və Qarabağ ətrafı ərazilərdə azərbaycanlılarla yanaşı ermənilər də uzun illərdir eynihüquqlu vətəndaşlar kimi yaşayıblar. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır.

Azərbaycan dövləti milliyətindən asılı olmayaraq öz vətəndaşlarının qayğısındadır. 10 noyabr tarixin də imzalanmış bəyanatda da bir daha qeyd olunur ki, Azərbaycan vətəndaşlığını qəbul etmək şərti ilə hər bir erməni ailəsi yenə də Azərbaycan torpaqlarında yaşaya bilər.

Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Davamlı sülh regionun inkişafını təmin edən əsas amildir. Davamlı sülhə nail olmaq prioritet vəzifədir. Düşmənçilik səhifəsi çevrilməlidir. 10 noyabr tarixində imzalanmış bəyanat bunun üçün zəmin yaradır. İmzalanmış Bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında da bunları aydın bildirib ki, bu gün inteqrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq. Bundan sonra da müxtəlif inteqrasiya variantları təklif oluna bilər. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir.

Bu gün ölkəmizdə çoxsaylı millətlərin nümayəndələri yaşayır və onların sosial-mədəni problemlərinin həlli həmişə dövlətin diqqət mərkəzindədir. Azərbaycan tarixinin bütün səhifələrində bu ərazidə yaşayan insanların qarşılıqlı hörmət, dostluq əlaqələrini əks etdirən nə qədər çox fakt varsa, bunun əksini sübut edən sənədlər yox səviyyəsindədir. Müxtəlifliyin vəhdətindən yaranan bu tarixi birliyin əsl dəyəri dərk edilməlidir. Bu, azərbaycançılığa dayaqlanan multikulturalizm və tolerantlıq fenomenidir.

Şahverdiyeva Səbinə Rasim qızı

181№li tam orta məktəbin "İlk partiya təşkilatı"nın sədri