“Müharibə Ermənistanın uğursuzluğu idi” Robert Koçaryan

4 Mart 2021 16:08 (UTC+04:00)

Qarabağda ədalətsiz bir sülh yeni bir müharibəyə səbəb ola bilər. SİA “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan cümə axşamı Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, müharibə ATƏT-in Minsk Qrupunun deyil, Ermənistan rəhbərliyinin uğursuzluğu idi.
“Minsk qrupuna indi ehtiyac var. Rusiyanın da buna ehtiyacı var. Qarabağın statusu ilə bağlı danışıqlar prosesinin hansı istiqamətdə gedəcəyini söyləmək çətindir. Ancaq dünya təcrübəsi göstərir ki, ədalətsiz bir sülh uzun sürə bilməz”, deyə eks-prezident bildirib.

O, İkinci Dünya Müharibəsinin, Versalın ədalətsiz Sülhü üzündən baş verdiyini deyib. Eks-prezidentə görə, tərəflərdən biri müharibənin nəticəsi ilə razılaşmırsa, yeni bir müharibə gözləniləndir. Bunun üçün daha əlverişli geosiyasi şərtlər və digər səbəblər olduqda bu baş verəcəkdir.
“Siyasi bir həll yolu tapmalıyıq”, deyə Koçaryan bildirib.

Göründüyü kimi, Ermənistan tərəfində reallıqlarla barışmaq istəməyən və kütləni qıcıqlandırmaq istəyən qüvvələr var və niyyətləri bulanıq suda balıq tutmaq, hakimiyyəti ələ keçirməkdir. Əslində, erməni cəmiyyəti yaxşı başa düşür ki, müharibə bitib, özü də Ermənistanın rüsvayçı məğlubiyyəti ilə və bundan sonra işğalçı ölkənin hansısa döyüş qabiliyyətindən söhbət gedə bilməz. Çünki, Ermənistan canlı qüvvə, silah-sursat, hərbi texnika olmaqla böyük itgilər verib və indi Ermənistan ordusundan danışmaq belə mümkün deyil. Belə bir vəziyyətdə kimlərinsə müharibə barədə fikirlərinin ara qarışdırmaq niyyəti güddüyünü bilsə də, bilməsə də ermənilər Azərbaycan tərəfinin gücünə, qüdrətinə bir də yaxşıca bələd olub və belə axmaq fikirlər reallıqdan çox uzaqdır. Çünki, Koçaryanın da dediyi kimi, müharibə, həqiqətən də Ermənistanın uğursuzluğu oldu və işğalçı ölkə böyük zərbə aldı, hansıki, on illərlə ayağa belə qalxması inandırıcı görünmür.