Kreml forpostunu itirmək istəmir ANALİTİK

4 Mart 2021 16:12 (UTC+04:00)

Korotçenko: “Paşinyana qarşı icra edilən bütün tədbirlər Moskvadakı erməni diaspor nümayəndələrinin şəxsi dəstəkləri ilə həyata keçirilir”

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan KİV-lərə müsahibəsində bildirib ki, yenidən ölkənin rəhbərliyi postuna iddialı ola bilər. Lakin buna baxmayaraq, baş nazir Nikol Paşinyan hələlik öz siyasi təşəbbüsünü saxlamağa müvəffəq olur və müxalifətin tələbləri, hətta təhdidlərinə baxmayaraq, heç də istefaya getmək niyyətində olmadığını nümayiş etdirməkdədir.

Lakin Ermənistandakı hərbi-siyasi böhranın onun hərbi-iqtisadi müttəfiqi Rusiyaya nə qədər müsbət, ya da mənfi təsir göstərməsi məsələsi də özündə bir sıra suallar doğurmaqdadır. Düzdür, get-gedə daha da radikallaşan erməni müxalifətinin lideri Vazgen Manukyan və dəstəkçiləri, eləcə də eks-prezidentlər - Robert Koçaryan və Serj Sarqsyan da daxil olmaqla özlərini Rusiyaya yaxın adamlar kimi göstərsələr də, Kremlin Qərbin layihəsi olan baş nazir Nikol Paşinyanla əlaqələrini birbaşa kəsmək niyyəti də görünməməkdədir. Belə demək mümkündürsə, Rusiya mövcud vəziyyətdə Paşinyanın hakimiyyətini saxlamasında maraqlı olduğunu gizətmir.

Koçaryan: “Biz Rusiyaya inteqrasiya üçün elə bir formulu tapmalıyıq ki, ölkənin silahlı qüvvələrini bərpa edə bilək...”

Bu cür olmasa idi çoxdan özünün vassalı, ya da forpostu olan Ermənistanın siyasi hakimiyyətini hazırlayacağı planları ilə dəyişdirmək qərarını verərdi. Hələlik isə hərbi-siyasi böhranlar içində çabalayan Ermənistanın üfüqündə belə bir şey görünməməkdədir. Misal üçün, Koçaryan sonuncu müsahibəsində bildirib: “Biz Rusiyaya inteqrasiya üçün elə bir formulu tapmalıyıq ki, ölkənin silahlı qüvvələrini bərpa edə bilək...”

Yaxud, Koçaryan qiyamçı generalları faktiki olaraq Ermənistanda hərbi çevriliş etməyə çağırıb. Ancaq göründüyü kimi, Rusiya heç də tələsmir və yaxın vaxtlarda tələsəcəyini də demək olmaz.

Peskov Paşinyanla münasibətləri Rusiya üçün "çox qiymətli" adlandırıb

Daha bir məqam: Rusiyanın RİA Novosti agentliyi məlumat verib ki, Kreml Koçaryanı dost siyasətçi adlandırıb, lakin onun öz hərəkətlərini Moskva ilə razılaşdırılması barədə irəli sürdüyü fikirlərini absurd adlandırıb.

Yaxud, Koçaryanın seçkilər keçirilərsə həmin prosesdə iştirak etməsi mümkünlüyü barədə dediyi sözlərinə Vladimir Putinin sözçüsü Dmitri Peskovun maraqlı münasibətinə diqqət yetirək.

"Ermənistandakı siyasi proseslərin Rusiyanın prezidenti ilə razılaşdırmağa ehtiyac yoxdur. Bu, qoyulan sual absurddur", deyə Peskov qeyd edib və Koçaryanın onlar üçün dost olmasına rəğmən, Nikol Paşinyanın tərəfində dayandıqlarını ifadə edib. "Onunla (Paşinyanla) Rusiya prezidenti arasında çox fəal dialoq gedir. Siz bilirsiniz ki, Qarabağdakı müharibəyə son qoyan üçtərəfli bəyanatın imzalanması ərəfəsində necə ağır iş şəraiti olub. Bu münasibətlər bizim üçün çox qiymətlidir", Peskov bildirib.

Bəhs etdiyimiz mövzularla bağlı şərh verən rusiyalı hərbi-siyasi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da maraqlı fikirlərini irəli sürüb.

Ermənistan müxalifəti Kremlə tərəf nə qədər addımlar atsa da, müəyyən həddən sonra onlara yaxınlaşmaq imkanı verilməyəcək

SİA xəbər verir ki, “Svobodnaya pressa”ya açıqlama verən politoloqa görə, yaxın perspektivdə Paşinyanın hakimiyyəti saxlaması erməni müxalifətinə dəstək göstərməkdən imtina edən Rusiya üçün sərfəlidir. “Paşinyana qarşı icra edilən bütün tədbirlər Moskvadakı erməni diaspor nümayəndələrinin şəxsi dəstəkləri ilə həyata keçirilir”, deyə Rusiyanın siyasi rəhbərliyinə xüsusi yaxınlığı ilə seçilən Korotçenko bildirib və bununla izah edib ki, Ermənistan müxalifəti Kremlə tərəf nə qədər addımlar atsa da, müəyyən həddən sonra onlara yaxınlaşmaq imkanı verilməyəcək.

Başqa tərəfdən, Korotçenko daha bir maraqlı proqnozunu da irəli sürərək açıq-aydın şəkildə bildirmişdi ki, əgər erməni müxalifəti iqtidarı devirərək hakimiyyəti ələ keçirərlərsə bundan ən çox zərbə alan tərəf Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlılarının kontingenti olacaq, yəni onların həyatlarına təhlükə yaranacaq.

Yeri gəlmişkən, daha bir fakt budur ki, Ermənistan uzun illərdir ki, qarabağlı və ermənistanlı ermənilərin qarşıdurması ilə çalxalanmaqdadır və bu gerçəklik özünü ikinci Qarabağ müharibəsində də göstərdi. Ermənistan ictimaiyyəti övladlarının qarabağlı ermənilərinin güdazına qurban verilməsinə qarşı çıxdılar, hətta sosial şəbəkələrdə qarşılıqlı ittihamlar təhqirlər səviyyəsinə qədər yüksəldi. Bu baxımdan, xalqın bir qismi istər keçmiş hakimiyyət rəhbərlərinin, istərsə də birləşmiş müxalifətin cəhdlərinə dəstək göstərmirlər. Əlbəttə ki, Moskva da bu reallığı nəzərə alaraq dağılan, parçalanan deyil, sabit Ermənistana sahib olmaq istəyir, əks halda bu ölkənin regiondakı mühüm forpostu olaraq itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qala biləcəyindən də ehtiyat edir.

Rövşən RƏSULOV