Eks-prezidentə yanlış COVID-19 diaqnozu qoyulubmuş Koçaryan şübhələrini gizlətmədi

4 Mart 2021 15:02 (UTC+04:00)

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 2020-ci ilin payızında keçirdiyi koronavirus testinin nəticələrinin Rusiyaya planlaşdırılan səfərinin reallaşmaması üçün dəyişdirildiyini etiraf edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Koçaryan cümə axşamı keçirdiyi mətbuat konfransında deyib.
Koçaryan oktyabr ayında Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcəyini xatırladıb və qeyd edib ki, ancaq COVID-19 üçün müsbət sınağı səbəbi ilə bu səfər reallaşmayıb. Eks-prezident bundan əlavə, testin həqiqiliyinə şübhə etdiyini də gizlətməyib.
"Covid ilə xəstələndiyimə dair şübhələrim var. Səlahiyyətlilər bu səfərin baş tutmaması üçün hər şeyi etdilər", deyə Koçaryan bildirib.
Xatırladaq ki, Ermənistanın təcavüzkarlıq siyasətinə və təxribatlarına cavab olaraq sentyabr ayının sonunda Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlayıb, sonda məntiqi olaraq, Ermənistanın məğlubiyyəti ilə, baş nazir Nikol Paşinyanın kapitulyasiya aktını imzalaması ilə yekunlaşıb. Atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd olunsa da, 10 noyabr gecəsi əldə edilən üçtərəfli razılaşmanın müvəffəq olduğu ortaya çıxıb. Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşin tamamilə dayandırılması və əsirlərin və ölülərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər. Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam rayonlarını döyüşlər olmadan boşaltmaq məcburiyyətində qalıb. Bundan əlavə, bölgədə rus sülhməramlıları da var.
Bütün bunlarla yanaşı qeyd edək ki, Ermənistanın məğlubiyyətindən, erməni baş nazirin kapitulyasiya sənədini imzalamasından sonra bu işğalçı ölkədə etiraz aksiyaları, nümayişlər, mitinqlər qızışıb və hazırda da xaos hökm sürür. Ermənistan müxalifəti ölkə hakimiyyətinin getməsini, ələlxüsus Nikol Paşinyanın istefasını tələb edir. Başda baş nazir özü olmaqla, onun komandası da ölkədəki etirazları, baş verənləri, bütün prosesləri əvvəlki prezidentlərin hakimiyyətə gəlmək arzusu kimi dəyərləndirib. Koçaryanın timsalında eks-prezidentlər də hakimiyyətə qarşı ittihamlar səsləndirirlər və onlara qarşı təqiblər, təzyiqlər edildiyi qənaətindədirlər. Bu baxımdan, Koçaryanın mətbuat konfransında səsləndirdikləri anlaşılandır və bütün bunlar, hər şeydən əvvəl işğalçı ölkədəki qarışıqlığın, qarşıdurmaların, xaosun olduğunu isbatlayır.