Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi Prezident İlham Əliyev

3 Mart 2021 18:03 (UTC+04:00)

Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə 44 gün çəkdi və Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatdı. Biz 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdik.

Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Pakistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü pislədi. Bu, həqiqi qardaşlıq və dostluğun nümunəsi idi. Yəqin bilirsiniz ki, Azərbaycanda insanlar Pakistan xalqı ilə, ölkənizlə bağlı öz hisslərini nümayiş etdirdilər, müharibə zamanı Pakistan bayraqlarını dalğalandırdılar. Bu, bir daha bizim birlik və qardaşlığımızı nümayiş etdirir".