Serbiya millisinin baş məşqçisi: "Bu forma, gerb və himn uğrunda ölməliyik"

3 Mart 2021 16:26 (UTC+04:00)

"Tezliklə dünya çempionatının seçmə mərhələsinin oyunları start götürəcək. Matçlara ciddi hazırlaşır, rəqibləri analiz edirik".

SİA-nın məlumatına görə, bu fikirləri DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Serbiya yığmasının yeni baş məşqçisi Draqan Stoykoviç federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Qrupdakı şansları dəyərləndirən 56 yaşlı mütəxəssis ilk iki turda qarşılaşacaqları İrlandiya və Portuqaliya yığmalarının çətin rəqiblər olduğunu bildirib: "Bunlar bizim ilk iki yer uğrunda mübarizədə əsas rəqiblərimizdir. Bu yaxınlarda dediyim kimi, ölkəmizin forması, gerbi və himni uğrunda ölmək üçün birləşməliyik. Uğura çatmağın başqa yolu yoxdur".

Nəticənin prioritet olduğunu söyləyən Stoykoviç baxımlı oyun göstərmək istədiklərini vurğulayıb: "Çətin oyunlar olacaq. Daha yaxşı oynamaq və nəticələr qazanmaq üçün birlik, inam və nikbinlik lazımdır".

Qeyd edək ki, Serbiya Futbol İttifaqı bu gün doğum gününü qeyd edək Draqan Stoykoviçlə 3 illik müqavilə imzalayıb.

Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.