"İnternetə pul ödəməyə dəyməz” EKSPERT İZAH ETDİ

3 Mart 2021 16:21 (UTC+04:00)

“İnternet provayderlərinə müraciət edib problemləri onların diqqətinə çatdırdıqda, obyektiv səbəblər irəli sürürlər. Ölkədə internet istifadəçilərinin sayının çoxluğunu və bunun üçün əlavə xərc tələb olunduğunu iddia edirlər”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanda müstəqil provayderlərin fəaliyyəti üçün heç bir əngəl yoxdur: “Bazarda kifayət qədər geniş alternativ imkanlar var. Dövlət elə şərait yaradıb ki, istənilən provayder öz xidmətini rahat bir şəkildə müştərisinə təqdim etsin. Onlar az xidmət verərək çox müştəri və pul qazanmaq istəyirlər. Bir nəfərin almalı olduğu xidməti eyni zamanda 10 adam arasında bölürlər . Nəticədə, internetin sürət keyfiyyəti aşağı düşür. Bu problem ölkənin bölgələrində də geniş vüsət alıb. Biz bir ildən artıqdır ki, pandemiya şəraitində yaşayırıq və 1 milyondan çox insan təhsil prosesini online (onlayn) müstəviyə keçirib. Yəni, normalda olandan çox əhali internetdən istifadə edir. Regionlarda internetin bərbad olmasının əsas səbəbi inhisarçılıqdır. Bakıda alternativ çox olduğuna görə seçim imkanı var, lakin kənd yerlərində bu belə deyil. Problemi aradan qaldırmaq üçün ilk öncə inhisara son qoymalı, daha sonra isə maddi bazanı izləmək lazımdır.

A.Həsrət onu da qeyd edir ki, vətəndaşlar provayder şirkəti ilə müqavilə imzalayıb, bir sıra vədlər alır: “İndiki halda onların istehlakçı hüquqları kökündən pozulur. İstifadəçilər ödəməni bir gün gecikdirdikdə dərhal internet kəsilir. Amma onlar özləri bizi hansısa səbəbdən rahatlıqla internetsiz qoymağı bacarırlar və konpensasiya etmirlər. Müştərilərə güzəşt etmək, minimum qiymətə maksimum xidmət göstərmək lazımdır. Mobil internet məsələsinə gəldikdə isə, biz buna məcburuq. Lakin qiymət çox bahadır. Keyfiyyəti aşağı, qiyməti yüksək, 30 günlük təqdim olunan və istifadə etməsən belə hesabından avtomatik vəsait çıxan internetə pul ödəməyə dəyməz”.

Ayşən Sadıxzadə