Baş qərargah rəisi həbs olunur? SON HƏDD

3 Mart 2021 14:15 (UTC+04:00)

Ermənistanın Baş qərargahının rəisi Onik Qasparyan həbs olunacaq. SİA xəbər verir ki, bu haqda Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyana yaxınlığı ilə seçilən Armlur nəşri özünə yaxınlığı ilə seçilən mənbələrinə istinadən yazıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan onun və daha 40 nəfər generalın və zabitlərin qərargahdakı vəzifələrindən uzaqlaşdırılması ilə bağlı tələbnaməni prezident Armen Sarkisyana göndərib. Prezident isə sənədə imza atmayaraq onu Konstitusiya məhkəməsinə göndərib.

Qasparyanın qiyamçı generallarla çevriliş etmək şansı qalmaqdadır

Nəzərə alsaq ki, Konstitusiya məhkəməsi hakimiyyətin təsiri altındadır və Nikol Paşinyanın tələbinə uyğun olaraq Onik Qasparyanın vəzifəsindən istefaya getməsinə müsbət cavab verəcək, bu zaman Ermənistandakı siyasi böhranın daha da dərinləşəcəyini düşünmək olar.

Daha bir məqam isə budur ki, məhkəmə həmin qərarı verənə qədər Qasparyanın hələ 7-8 gün vəzifəsində qalma imkanı var və o, qiyamçı zabitlər korpusu ilə birlikdə həmin müddət ərzində müxalifətə qoşula, güc yolu ilə Paşinyan iqtidarını devirə bilər. Məhz bu baxımdan, Qasparyanın həbsi məsələsinin gündəmə gəlmə ehtimalı daha çox görünür.

Rövşən RƏSULOV