“Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn təlim keçirilib

3 Mart 2021 10:47 (UTC+04:00)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “British Council”un (Britaniya Şurası) birgə təşkilatçılığı ilə “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn təlim keçirilib. Nazirlikdən SİA-ya bildirilib ki, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən muzey və qoruqların əməkdaşlarının iştirakı ilə gerçəkləşən təlimin əsas məqsədi muzeylərdə fiziki məhdudiyyətli insanlar üçün bərabərlik, müyəssərlik və inklüzivliyin tətbiq edilməsinə nail olmaqdır.

Tədbiri açan Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərgiz Abdullayeva Azərbaycan muzeylərində fiziki məhdudiyyətli insanların maneəsiz hərəkəti, eksponatlar haqqında olan məlumatları rahat əldə edə bilmələri üçün inklüziv layihələr və proqramların həyata keçirildiyini bildirib. O, fiziki imkanlarından asılı olmayaraq bütün insanlar üçün muzeylərdəki informasiyaların əlçatan olması məqsədilə inklüziv layihələr bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb: “İnanırıq ki, təlimdə müzakirə edilmiş məsələlər muzeylərin inklüzivlik sahəsində daha uğurlu fəaliyyətinə kömək göstərəcək”.

“British Council”un Azərbaycan üzrə direktoru Samr Şah təlimdə iştirak edən bütün muzeylərin fərqli insanlardan ibarət auditoriyanın və əlilliyi olan insanlar üçün əlçatan olacağına inandığını söyləyib.

Qeyd edək ki, təlim “British Council”un incəsənət və əlillik sahəsində həyata keçirdiyi, kimliyindən və fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanan dördillik “Limitsiz proqram”ının (Unlimited program) tərkib hissəsidir.

Dörd gün davam edən treninqi İngiltərənin “Goss Consultancy” təşkilatının direktoru Nik Qos aparıb. Nik Qos hər gün üç saat davam edən interaktiv sessiyalar zamanı iştirakçılara "Müyəssərlik və inklüzivlik", “Müyəssərlik və inklüzivlik Azərbaycan muzeylərinin uğur qazanması üçün niyə vacibdir”, “Müyəssərlik və inklüzivliyi layihələrin həyata keçirilmə prosesinə necə daxil etmək olar”, “Əlilliyi olan insanlarla necə təmasa girmək olar – başqa tərəfləri nə vaxt və necə cəlb etmək olar” və digər mövzular üzrə geniş məlumat verib.

Treninqin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.