Saxta "general" azadlığa buraxılıb

2 Mart 2021 18:31 (UTC+04:00)

Nərimanov rayon məhkəməsində Bakıda özünü "general-mayor" kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun işi üzrə məhkəmə prosesi başa çatıb. SİA-nın sfera.az saytına istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F. Ələkbərova təqsirləndirildiyi 3 maddədən biri üzrə bəraət alıb. Belə ki, F. Ələkbərova qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədilməklə), 178.2.4-cü (Külli miqdarda ziyan vurmaqla dələduzluq etmək) və 320.1-ci (saxta sənəd hazırlama və satma) ittiham irəli sürülsə də, məhkəmədə onun saxta sənəd hazırlamaq və satması sübuta yetirilmədiyindən ona qarşı irəli sürülən bu ittiham üzrə bəraət verilib. Məhkəmə digər iki maddəni əsas gətirərək F. Ələkbərova 1 il 1 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Təqsirləndirilən şəxs barəsində seçiklmiş həbs qətimkan tədbiri ləğv edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmənin qərarı ilə razılaşmayan F. Ələkbərov qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

Bakı Pellyasiya Məhkəməsində şikayət araşdırılıb və qismən təmin edilib. Məhkəmənin qərarı ilə F. Ələkbərovun barəsindəki azadlığın məhdudlaşdırılması qərarı 2 min manat cərimə ilə əvəzlənib.

Xatırladaq ki, 2019-cu il sentyabrın 22-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.