"Qonağım ol” rubrikası davam edir

2 Mart 2021 17:45 (UTC+04:00)

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı gənc yazar, jurnalist və tərcüməçi Xülya Cəfərova olacaq. SİA-nın məlumatına görə, yazıçı görüş zamanı “Külək - Yel Kürəsinin Şahzadəsi” əsərlərindəki fövqəlgüclərə malik olan superqəhrəmanlarının timsalında xeyirlə şərin əbədi mübarizəsindən söhbət açacaq, eyni zamanda, digər kitabları haqqında ətraflı məlumat verəcək, canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandıracaq. Oxucular virtual görüşdə yazıçı ilə həmsöhbət olmaq imkanı da əldə edəcəklər.

Layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, müəlliflərin yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara daha da sevdirmək və oxu vərdişlərini artırmaqdır.

Qeyd edək ki, onlayn görüş martın 5-də kitabxananın “Instagram” sosial şəbəkəsi vasitəsilə reallaşacaq.