Azərbaycan-Türkiyə münasibətləri dünyada bənzəri olmayan tarixi epopeyadır

2 Mart 2021 15:37 (UTC+04:00)

Dünya dövlətçilik tarixində dərindən nəzər salsaq görərik ki, Azərbaycan Türkiyə münasibətləri siyasi diplomatiyadan çox qardaşlıq əlaqələrinin yüksək olmasından qaynaqlanır. Ulu öndər Heydər Əliyev tərəfindən söylənilən “İki dövlət bir millət” prinsipi bu gün də ölkələrimiz arasındakı bütün münasibətlərin ana xəttini təşkil edir. XX əsrin əvvələrində Mustafa Kamal Atatürk də söyləmişdir ki Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Bizim münasibətlərimiz qədim tarixi və milli köklərə bağlıdır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana sərgilədiyi mövqe bir daha bu dahiyanə nə qədər real olduğunu subut etmişdir. İstər Birinci Qarabağ savaşında, istərsə də Vətən müharibəsində Türkiyənin bütün sahələrdə xalqımıza isti münasibəti bir daha bu qardaşlığın sarsılmaz olduğunu isbat etdi və daha da möhkəmləndirdi.

2020-ci ilin noyabr ayının 10-da imzalanmış Bəyanatda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti haqqında qeyd edilmişdir ki, əsas məqsəd post-müharibə dövründə münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın. Türkiyənin Qarabağda olması ən düşünülmüş bir siyasi-diplomatik taktikadır və bölgədə siyasi sabitliyin qarantıdır. Türkiyə regionda ən güclü orduya, müasir silahlara malik dövlətdir. Türkiyənin müharibənin ilk vaxtlarından Azərbaycana verdiyi dəstək erməni-xristan təəsübkeşlərinin əl-ayağını bağlamışdır. Türkiyə Respublikası prinsipal mövqeyini ortaya qoymuş, Azərbaycanın haqq işində ona dəstək olması ilə həm diplomatiya həm də informasiya həm də digər sahələrdə özünü birmənalı şəkildə göstərmişdir. Ermənistan tərəfindən Azərbaycana atılan ağır artireliya atəşləri nəticəsində bir çox şəhərlərimiz ciddi insan tələfatları vermişdilər. Bu ağılasığmaz erməni cinayətlərini dünya mediyasına çatdıran nüfuzlu türk xəbər agentlikləri və onların fədakar müxbirləri olmuşdur. Hətta qardaş türk jurnalistləri mərmi altında belə reportajlar hazırlayib bizim mülki əhalimizin fəryadını dünya media arenasına operativ şəkildə çıxmasını təmin etmişdilər.

Türkiyə bölgədə siyasi sabitliyin olmasında maraqlıdır. Gələcəkdə həyata keçirilən hər bir layihədə Türkiyə çox geniş və hərtərəfli şəkildə yer alacaqdır. Bu da Türkiyəni regionun əsas aparıcı və novator qüvvəsinə çevirəcəkdir. Regionun gələcək inkişafında Türkiyə Respublikasının əhəmiyyətli dərəcədə fəaliyyət göstərməsi onun beynəlxalq nüfuzunu daha da mohkəmləndirəcəkdir. İşğaldan azad edilmiş ərazilərimizdə türk şirkətləri yaxından iştirak edəcəkdir. Həm yol-nəqliyyat infrastrukturunun yaradılmasında, həm də tikinti-abadlıq quruculuq işlərinin aparılmasında Türkiyə şirkətləri əsaslı rol oynayacaqdır. Bütün sahələrdə - müdafiə, iqtisadiyyat, sənaye, diplomatik, media və digər sahələrdə daha da yaxından və prinsipal əməkdaşlıq aparılacaqdır. Artıq Azərbaycan və Türkiyə vətəndaşları bir birinə vizasız və şəxsiyyət vəsiqəsi ilə səfərlər edə biləcəklər. Bu əməkdaşlığın, qardaşlığın və dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə inkşaf etməsi ilə bağlıdır. Dünyada belə münasibətlərə malik olan ikinci bir dövlətə rast gələ bilmərik. İki dövlət arasında münasibətlərin belə pik səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın qətiyyətli və əzmkar mövqeyi və uzaqgörən praqmatik siyasəti çox mühüm rol oynamışdır. Nüfuzlu lider amili və səmimi qardaşlıq münasibətləri bu əlaqələrin geniş vüsət almasına səbəb olmuşdur. Türkiyə NATO-nun ən güclü ordusuna malik dövlətlərindən biridir.

Gələcəkdə Azərbaycan Türkiyə Ordusunun kiçik və formalaşmış bir modelini yaratmaq əzmindədir. Vətən müharibəsində Ordumuzun göstərdiyi yüksək performans və operativlik onu göstərdi ki biz dünyanın maddi-texniki baza və müasir silahlar baxımından ən güclü orduları sırasındayıq. Milli vətənpərvərlik və ruh yüksəkliyi, eyni zamanda əla səviyyədə hərbi təlimlərin təzahürü olaraq biz müharibəni 44 gün ərzində tam və qəti qələbə ilə başa vurmuşuq. Azərbaycanla Türkiyə arasında hərbi təlimlər daha da genişlənmişdir. Sonuncu dəfə Qars şəhərində olan birgə təlimlər çox yüksək səviyyədə keçirilmişdir. İki qardaş dövlətlərin ordusu təlimləri çox uğurla başa vurmuşdur. Belə təlimlər tez tez sıx şəkildə daima keçiriləcəkdir.

Qarabağ münaqişəsi başlayan ilk gündən bu günə kimi Türkiyə hər zaman Azərbaycanın yanındadır. Ona hər cür maddi, mənəvi və psixoloji dəstəyi əsirgəmir. Hər bir Azərbaycan vətəndaşı bütün bunları yüksək qiymətləndirir və dərin minnət hissi ilə xatırlayır. Münaqişənin başlanğıcından etibarən Türkiyə öz sərhədlərini Ermənistanla bağlayaraq belə qeyd etmişdir ki: “Ermənistan nə zaman Qarabağı işğaldan azad etsə, o zaman da Türkiyə Ermənistanla münasibətləri səhmana salacaqdır”. Dəfələrlə beynəlxalq konfrans və tədbirlərdə Türkiyə Xarici İşlər Naziri və digər yüksək rütbəli diplomatları Ermənistanı sərt şəkildə tənqid edərək onları Azərbaycan torpaqlarının işğalından əl çəkməyə çağırmışlar. Bu kimi faktları çox sadalamaq olar, lakin, bircə bunu demək kifayətdir ki bu münaqişədə Azərbaycan qədər Türkiyə Respublikası da bütün diplomatik, siyasi və psixoloji səylərini birmənalı şəkildə ortaya qoymuşdur. İki türk dövlətinin şanlı ay ulduzlu bayraqları əbədiyyən, hər zaman ucalarda dalğalancaq və dünya Türkün əsl gücünü görəcəkdir. Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!

Anar Babayev

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi