İnformasıya müharibəsinin növbəti mərhələsi...

2 Mart 2021 15:22 (UTC+04:00)

Ötən günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dörd saatdan çox davam edən mətbuat konfransı həyata keçirdi. Konfransda 35-dən çox ölkənin media nümayəndəsinin 50-yə yaxın sualı cavablandırıldı. Cənab Prezidentin verilən hər bir suala cavabı regiondakı yeni reallıqların və gələcək perspektivlərin açıqlanması baxımından olduqca əhəmiyyətli idi. Bir çox maraqlı anlarla yadda qalan konfrans həm də xarici mətbuat nümayəndələrinin ölkə başçımızla bağlı şərhləri ilə diqqət çəkdi. Bir çox politoloqun şərhinə nəzər yetirsək görərik ki, mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi kimi təqdim olunur. Qeyd edək ki, konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev böyük təmkin və səbrlə bütün suallara aydınlıq gətirdi. Dövlətimizin başçısı hətta spekulyativ xarakterli suallara belə nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verərək, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərkisilah etdi.

Məlumdur ki, media müasir dövrümüzdə ən güclü silahlardan biridir. Hətta bir çoxları tərəfindən “4-cü hakimiyyət” olaraq da adlandırılır. Buna görə də müasir dünyada müharibənin sadəcə cəbhədə getdiyini düşünmək ən yaxşı mənada sadəlövhlükdür. Birinci Qarabağ Müharibəsindən və onun bizim üçün nəticələrindən də aydındır ki, müharibə cəbhədə getdiyi qədər diplomatiya və informasiya müstəvilərində də gedir. Əminliklə deyə bilərik ki, 44 günlük Vətən Müharibə dövründə Azərbaycan Prezidenti informasiya müharibəsində ən az səngərdə olduğu qədər mübarizə aparmış və oradan da qalibiyyətlə ayrılmışdı. Bu baxımdan sözü gedən konfransın müharibədən sonrakı dövrdə ölkəmizin mövqeyinin və gələcək planlarının ortaya qoyulması baxımından xüsusi əhəmiyyəti var idi.

Konfransda diqqət çəkən bir neçə ana qayıtmaq istərdim. Xüsusilə, qardaş Türkiyənin həm 1992-1993-cü illərdə Birinci Qarabağ müharibəsi dövründə, həm də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana verdiyi açıq dəstəkdən danışan ölkə başçımız Türkiyənin bu dəstəyinin xalqımız üçün mənəvi baxımdan olduqca vacib olduğunu bildirdi. Bununla yanaşı, bizə verilən siyasi və mənəvi dəstəyin həm Azərbaycanı gücləndirdiyi, həm də, bir çoxları üçün mesaj olduğu vurğulandı. Mesaj isə açıq aydındır: Azərbaycanın haqq işinə, haqlı mübarizəsinə qarışmayın, mane olmayın. Bəli, anti-terror əməliyyatının ilk günü Türkiyə Respublikası ən yüksək səviyyədə Azərbaycana dəstək oldu. Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğan hələ münaqişənin ilk saatlarından açıqlama verərək bildirmişdir: "Azərbaycana qarşı hücumlarına yenisini əlavə edən Ermənistan bölgədəki sülh və əmin-amanlığa ən böyük təhlükə olduğunu bir daha göstərdi. Türk Milləti hər zaman olduğu kimi bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında durur ".

Bununla yanaşı, Türkiyə Müdafiə naziri Hulusi Akar, Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın, Türkiyәnin Xarici İşlәr Nazirliyinin mәtbuat katibi Hami Aksoy və bir çox digər rəsmi və qeyri-rəsmi nümayəndələr Azərbaycana qeyd-şərtsiz dəstəklərini ifadə etdilər. Əlbəttə ki, bu dəstək xalqlarımız arasında da davam edirdi. Türk xalqı hər qələbə sevincimizə ortaq oldu, demək olar ki, ölkə başçımızın hər çıxışı, ölkəmizdə olduğu qədər Türkiyədə də həyəcan və coşğu ilə izləndi. Müharibənin aktiv fazasının davam etdiyi günlərdə 12 yaşlı türk qızcığaz yığdığı pulu Azərbaycan Ordusuna göndərdi, digər bir türk gənc öz nişan üzüyünü sataraq pulunu ordumuza göndərdi, yüzlərlə türk vətəndaşı ölkəmizə dəstək üçün Azərbaycana gəlməyə hazır olduğunu bildirdi. Bəli, bütün bunlar, ölkələrimiz arasındakı bağlılığın sadəcə dövlət rəsmiləri arasında olmadığını, xalqlarımızın da bir-birinə dərin köklərlə bağlı olduğunu göstərdi. Bunun məntiqi davamı olaraq bugün də postmüharibə dövründə ölkələrimiz arasındakı əlaqə ən yüksək səviyyədədir. Ölkə başçımızın konfransda ifadə etdiyi kimi Türkiyə və türk şirkətləri işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması prosesində iştirak edəcək. Artıq türk şirkətləri ilə ilkin razılaşmalar əldə olunub və kontraktlar imzalanıb.

Mətbuat konfransında Azərbaycan Prezidenti tərəfindən səsləndirilən digər bir vacib açıqlama isə Ordumuzda türk ordusunun kiçik modelinin yaradılması ilə bağlı oldu. Əslində bu da təbiidir. Türk Ordusu bölgəmizin ən güclü ordusudur və Türk Ordusunun praktiki döyüş təcrübəsi olduqca yüksəkdir. Azərbaycanın bu təcrübədən istifadə etməsi və yararlanması Ordumuzun bundan sonrakı inkişafı üçün xüsusi əhəmiyyətli olacaqdır. İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri ilə yanaşı hərbi sahədə imzalanmış müqavilələr də buna rəvac verir. Məlumdur ki, uzun illərdir ki, birgə keçirilən hərbi təlimlərlə Ordumuzda Türkiyə təcrübəsini öyrənilməsi onsuzda var idi. Şübhəsiz ki, bundan sonra da bu proses yüksələn xətlə davam edəcəkdir.

Sonda xüsusi olaraq vurğulamaq istədiyim digər məsələ isə hazırda regionumuzda formalaşan yeni reallıqlarla bağlıdır. Məlumdur ki, 1992-93-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzündən sonra Türkiyə prinsipial mövqe nümayiş etdirərək bu haqsızlığa göz yummamış, Ermənistanla sərhədlərini və eyni zamanda da diplomatik əlaqələrini kəsmişdir. Bu, Türkiyənin Azərbaycana qardaş münasibətinin əyani təzahürü idi. Əlbəttə ki, biz bu prinsipiallıq üçün Türkiyəyə minnətdarıq. Amma hazırkı şəraitdə bölgənin gələcək inkişafı üçün bölgə ölkələrinin münasibətlərinin normallaşması təbii ki, Azərbaycan tərəfindən də arzuolunandır. Bu baxımdan Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasına Azərbaycan tərəfinin heç bir mənfi reaksiyası yoxdur. Bizim üçün tək bir reallıq var ki, o da, əgər qardaş Türkiyənin xeyrinə bir proses varsa, sözsüz ki, bu bizim üçün də müsbətdir. Azərbaycan və Türkiyə bir-birinə köklü və dərin əlaqələrlə bağlanmış iki dövlət və xalqdır. Bundan sonra da belə olmağa davam edəcək. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi biz bir millət, iki dövlətik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

Xəyalə Cavanşirli

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi