Şirvanşahlar Sarayı Kompleksində Kompleksin 360 dərəcəli "3D" modelinin və bu model üzrə təşkil olunan virtual turların təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri "İçərişəhər" Muzey Mərkəzinin direktoru Əminə Məlikova açaraq layihənin həyata keçirilməsində əsas məqsədin insanların məsafəli şəkildə İçərişəhərdəki muzey və ekspozisiyaları ziyarət edə bilməsi, həmçinin təhsil müəssisələrinin Azərbaycan tarixinin, memarlığının və incəsənətinin öyrənilməsində əyani nümunə kimi muzey təcrübəsindən istifadəsinin olduğunu bildirib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov qeyd edib ki, idarənin və Almaniyanın "EKM" Global Consulting GmbH şirkəti İçərişəhərin məşhur tarixi-memarlıq abidələrinin 360 dərəcəli "3D" virtual modellərinin hazırlanması istiqamətində əməkdaşlıq edir. Vurğulayıb ki, bu istiqamətdə ötən ilin sentyabrın 11-də tərəflər arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.
Sonra "EKM" Global Consulting GMbH şirkətinin rəhbəri Elşən Musayev, mədəni irs üzrə "startaper" Səbinə Zülalova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.
Sonda Şirvanşahlar Sarayı Kompleksinin 360 dərəcəli "3D" modeli və virtual turu təqdim edilib.