Azərbaycan-Türkiyə: ən çətin anların sınağından çıxan qardaşlıq

2 Mart 2021 11:54 (UTC+04:00)

Dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanan reallığın təcəssümüdür. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.

Sözsüz ki, bu, danılmaz faktordur ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr. Ən əsas amil isə ən çətin anlarda bir-birinin yanında olmaq. Qeyd edək ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Belə ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Bu gün isə Ermənistanın təcavüzkar siyasətinə qarşı mübarizəsində Türkiyə qardaş dövlətin Azərbaycanla həm cəbhədə, həm də diplomatik səviyyədə mübarizədə yanında olması bu qardaşlığın daha möhkəm olduğunun göstəricisidir.

Prezidenti İlham Əliyev çıxışlarında dönə-dönə vurğulamışdır ki, erməni hərbi birləşmələrinin təxribat hücumuna başladığı ilk gündən qardaş Türkiyə qardaşının – Azərbaycanın yanında oldu. Bu dəstək davam edir və Türkiyə rəhbərliyi işğala son qoyulana qədər hərbi əməliyyatları dəstəkləyəcəyini bəyan edib və bu gün də bu dəstək davama etməkdədir.

“Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu”,- deyən dövlət başçımız onu da vurğulayıb ki, çoxları bunu anlamırlar: “Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik”.

Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan

Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın Qələbə Zəfərində də birlik nümayiş olundu. Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: “Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq”.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi: “Ermənistan Qarabağı 30 il işğal altında saxladı. O torpaqlar kimindi? Azərbaycanlı qardaşlarımızın. Azərbaycan öz gücü ilə işğalda olan torpaqlarını azad edib. Biz də əlimizdən gələn dəstəyi verdik və artıq Qarabağ sahiblərinin əlindədir”.

Türkiyə Prezidenti onu da bildirib ki, hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir: “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında da Türkiyə-Azərbaycanın güclənən birliyindən, xüsusilə də Silahlı Qüvvələrin bütün dövrlərdə bir yerdə olmaları ilə bağlı mesajını verdi. Dövlət başçısı bildirdi ki, bütün dövrlərdə Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bir yerdə olub: “Mən sualların birinə cavab verərkən dedim ki, təkcə 2019-cu ildə 10-dan çox birgə hərbi tədqiqat keçirildi, həm Azərbaycanda, həm də Türkiyədə. Bu il də artıq birinci tədqiqat keçirildi. Ortaq mərkəzin yaradılması Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə gəlməsi deməkdir, Azərbaycan torpağına gəlməsi deməkdir. Hesab edirəm ki, bu, tarixi hadisə sayıla bilər və bu bizi çox məmnun edir. Qeyd etməliyəm ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması 3 ölkənin müştərək qərarıdır. Ermənistan, sadəcə olaraq, bununla razılaşmalı oldu. Çünki 10 noyabr bəyanatı imzalananda Ermənistan o durumda deyildi ki, buna etiraz etsin. Ermənistan necə deyərlər, öz hayında idi. Əgər başqa bir siyasi və hərbi durum olsaydı, Ermənistan buna etiraz edərdi. Ancaq buna etiraz edə bilmədi və biz də dedik ki, bu mərkəz Azərbaycan ərazisində yaradılır, Ermənistanın nə əlaqəsi var bu işlərə? Ona görə bu mərkəzin yaradılması tarixi hadisə sayıla bilər. Bundan başqa siz də dediyiniz kimi, mən də demişdim ki, Türkiyədən böyük heyət gəlmişdi, 100 nəfərdən çox heyət idi. Minalardan təmizlənmə işləri və təlim kursları aparılıb. Bu, fəaliyyət davam etdirilir. Bundan sonra müxtəlif sahələrdə, hərbi sahədə işbirliyimiz davam etdiriləcək”.

Azərbaycan Prezidenti, həmçinin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətindən danışaraq bildirdi ki, Rusiya-Türkiyə Monitorinq Mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək: "Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə gəldikdə, deyə bilərəm ki, bu da müəyyən mənada noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Orada dəqiq göstərilmirdi ki, bu Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma biz bu Bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik. Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Bütün şərait yaradıldı. Bildiyiniz kimi, monitorinq mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın. Əgər olarsa, bunu kim törədib, təşəbbüskar kimdir, günahkar kimdir, bunu təsbit etməkdir. Bu günə qədər, - əgər dediyim o diversiya qrupunun Azərbaycana keçməsini istisna etsək, - hər hansı bir ciddi qarşıdurma olmamışdır. Hesab edirəm ki, bu monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək".

Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!

Göründüyü kimi, bütün bunlar bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq. Qələbə Zəfəri ilə - Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”.

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşklatının sədri