Ermənistan vətəndaş müharibəsi astanasında TƏHLİL

1 Mart 2021 17:51 (UTC+04:00)

Paşinyana qarşı çıxış edən Ermənistan müxalifəti ermənilərə, bu işğalçı ölkəyə nə təklif edə bilər, deyə sual indi çoxlarını düşündürür. Ölkəni böhrandan çıxarmaq üçün aydın bir proqramları əgər yoxdursa, bu müxalifət nəyə nail ola bilər? Ümumiyyətlə, proqramı olmayan bir təşkilatlanma hansı istiqamət götürə bilər və nədən, hansı nəticədən söhbət gedə bilər? Onların axı Ermənistanın gələcəyi ilə bağlı aydın bir baxışı belə yoxdur.
Əlbəttə ki, 10 noyabrdan sonra başlayan və Onik Qasparyanın rəhbərlik etdiyi generalların üsyanı ilə kəskinləşən kəskin daxili siyasi böhran bu gün mitinq fəaliyyəti şəklində inkişaf etməlidir. Bildiyiniz kimi, bazar ertəsi İrəvanda üç mitinq və yürüş gözlənilir. Bir gün ərzində və bir-birinin ardınca yürüşlər, mitinqlər təsadüfi ola bilməz. Bu ondan xəbər verir ki, erməni cəmiyyətində iki yox, üç və çox güman ki, daha artıq siyasi qüvvə qarşıdurmadadır. Böyük ehtimallara görə, güzəştə getmək istəməyən qarşı tərəflər, sürətlə ölkəni uçuruma doğru itələyirlər. Məhz vətəndaş müharibəsi təhlükəsi də var. Bəli, bu gün Ermənistanın özünün müasir tarixində vətəndaş müharibəsi ərəfəsində olduğunu açıq şəkildə və cəsarətlə söyləmək olar. Yeni və köhnə Ermənistan tərəfdarlarının bir qarşı-qarşıya gələcəyi bir toqquşma gözləniləndir.

Təbii ki, şəxsən Nikol Paşinyanın istefasını fəal şəkildə dəstəkləyənlərə suallar kifayət qədər çoxdur. Kiməsə elə gəlməsin ki, biz Ermənistan müxalifətinə qarşıyıq, yaxud, Paşinyanın və onun yürüşdə olan "qardaşları"nın, tərəfdarlarının mövqeyini dəstəklədiyimizi kimsə düşünməsin, heç də belə niyyətimiz yoxdur. Sadəcə, bu gün müxalifətin mitinqinə qatılmaq niyyətində olanları başa düşmək istəyirik ki, onlar nə üçün və kimlər üçün mübarizə aparırlar? Mübarizə aparan qüvvələrin hərhansı proqramı yoxdursa, hansı məqsəddən söhbət gedir və köhnənin yerində ən azından nə vəd olunur?

Mübahisə etmək niyyətində deyillik və razıyıq ki, Nikol Paşinyan bir lider deyil, heç bundan sonra da olması ehtimalı mümkün görünmür. O, ermənilər üçün heç nə etmədi, Ermənistanı güclü iqtisadiyyatı və inkişaf etmiş bir demokratik dəyərlər sistemi olan inkişaf etmiş bir dövlətə çevirmədi. Çevirə bilmədi və bunu bacara biləcəyi də mümkünsüzdür. Çünki onun tutduğu yol reallıqdan çox uzaqdır. Ancaq daxili auditoriyaya hesablanan vədlərlə kütləni, erməni xalqını aldatmağı Paşinyan yaxşı bacarsa da, erməni xalqına nə isə verməyi bacarmadı. Əksinə, hər istiqamətdə aldadaraq erməniləri çox şeylərdən məhrum etdi, itgilər verməsinə rəvac verdi. Hələ ötən ildə 44 günlük müharibə ərəfəsində vətəndaşları yalançı qələbələri ilə aldadan Paşinyan və onun hakimiyyəti hədsiz sayda canlı qüvvə itkisinə, demək olar ki, son həddə qədər hərbi texnika və sursat itkisinə səbəb oldu. Minlərlə erməni əsgərinin qanına baiskar oldu Paşinyan və yalançı qələbə vədləri çox ailələri başsız, evladsız, gözü yaşlı qoydu. Nəticədə, indi də xaosun bu ölkədə hökm sürməsinə şərait yaratdı. Bir zamanlar qələbəyə həvəsləndirilən erməni xalqı qəflətən məğlubiyyət xəbərindən şok yaşadı. Bu şok effektini müharibəni bitdiyi ilk gündən bu zamana qədər meydanlarda müşahidə etmək çətin olar. Hələ də ermənilər niyə bu hala düzdüklərini, bu acınacaqlı məğlubiyyətlə qarşılaşdıqlarını nə anlaya, nə də dərk edə bilmirlər. Müharibə dönəmində hər dəfə qələbələr vəd edən, yalan məlumatlarla kütləni, xalqı aldadan Paşinyan və onun komandası yalan üzərində qurduğu strategiya ilə vətəndaşları ilə yanaşı, özlərini də, ölkələrini də çətin duruma sürüklədilər. Hər dəfə nitqi zamanı buraxdığı səhvlər sayəsində də böhranlı vəziyyəti daha da alovlandırdı, cəmiyyətdəki qarşıdurmaları daha da kəskinləşdirdi.

2018-ci ilin yazından etibarən Ermənistanın sıravi vətəndaşları özlərini əvvəl Koçaryan, daha sonra Sarkisyan kimi cinayətkar-oliqarx rejim üçün bir vasitə olduğunu bir növ anlamış kimi göstərdilər. Son 20 ildə ilk dəfə məmurların hakimiyyətinə, sistem korrupsiyasına qarşı mübarizəyə başladılar. Guya ki, adi bir erməni ilk dəfə sosial şəbəkələr və şəxsi ünsiyyət vasitəsilə birbaşa olaraq ölkə başçısına düşüncələrini, istəklərini, problemlərini çatdırmaq fürsəti tapdı. Bəli, ola bilsin ki, adi bir erməni üçün bütün bunlar Robertin və Serjin dövründə yalnız xəyal ola bilərdi və bu xəyalları yalnız Paşinyanın dövründə gerçəkləşdi. Amma, indi də ermənilər dərk etdilər ki, bu fürsət deyilən imkanlarla sadəcə başqa yöndə aldadıldılar və söz yağışı ilə beyinləri dumanlandırıldı, çaşdırıldılar və sonda yenə də tovladıldılar, bu dəfə də Paşinyanın hiylələrinin qurbanına çevrildilər. İndi sıravi erməni məhz düşürüldüyü bu oyunlara görə özünü aldadılmış, təhqir olunmuş, məğlub hesab edir və öz vəziyyəti ilə barışmayaraq meydanlara axışır, Nikolun istefası tələbi ilə çıxış edir.
Doğrudur, müharibədəki məğlubiyyətdə, itgilərin böyük olmasında günahkarlığın böyük hissəsi Nikol Paşinyana aiddir. Bu barədə kimlərlə isə mübahisə etmək niyyətində deyilik. Bu reallıqdır. İndi erməni baş nazir qarşısında qoyulan, “məğlub olduqları təqdirdə niyə müharibə davam etdirilirdi və erməni əsgərləri niyə qırğına verilirdi”, kimi suallar verməkdə hər bir erməni haqlıdır. Bundan əlavə müharibənin başlamasına rəvac verən, şərait yaradan Paşinyan bu səhvi ilə yanaşı 44 günlük savaş dönəmində də səhvləri, liderlik qabiliyyətlərinin, idarəçilik keyfiyyətlərinin olmaması ilə yadda qaldı. Bir sözlə, erməni baş nazirinə məxsus olan səhvlər kifayət qədərdir. Amma, görəsən səhv yalnız oan məxsusdurmu və ondan başqa heç kəsin səhvi yox idimi?
Bəs müharibə əməliyyatlarına rəhbərlik edən eyni Onik Qasparyan və üsyançı generallar səhv etmədilərmi? Məğlubiyyətə görə bəyəm Paşinyanla eyni məsuliyyəti onlar daşımırlar? Bu generallar ordunu qarət edən, ərzaq və avadanlıq tədarükündən qazanc əldə edənlər deyildilərmi? Qoşunların döyüş hazırlığı ilə məşğul olmaq əvəzinə özlərini dıqnaqarası “məğlubedilməz” adlandırmadılarmı?

Bəs indi Vazgen Manukyan və Onik Qasparyan ermənilərə Paşinyandan fərqli olaraq nə təklif edə bilər? Ölkəni böhrandan çıxarmaq üçün aydın bir proqramları yoxdursa, Ermənistanın gələcəyi, dünyadakı yeri barədə yenə də aydın bir baxışdan belə məhrumdurlar. Yalnız arzu etdikləri hakimiyyət üçün çalışırlar bunlar da. Bu isə erməni xalqına, onun sıravi vətəndaşına heç nə verə bilməz və xilası ağlasığan deyil.

Bəs Manukyan və Qasparyan hakimiyyəti alsalar bu hakimiyyəti qoruyacaqlarmı? Erməni xalqı buna əmindirmi və yaxud, bu sualın cavabını verə bilərmi? Robert Koçaryanın hakimiyyəti onlardan alacağı gün kimi aydındır. Bir sözlə, ermənilərin təzədən Koçaryan rejimi altına düşəcəyi bəlli məsələdir. Ermənistanın Rusiyanın bir marionetinə, yüz minlərlə erməninin mühacirə, ölkənin iki milyon yarım sakinini səssiz kölələrə çevirən adamın əli altına düşəcəyi deməl deyilmi bu?

Ermənilər bu gün Paşinyanın tərəfdarı olmasalar belə, Koçaryan rejiminin bərpasının əleyhinə olmalıdırlar. İndi ermənilər özlərinə yalnız bir sual versinlər ki, onlar hansı gələcək istəyirlər? İstəyirlər ki, keçmişə qayıtsınlar? Hamısının bütövlükdə yenidən səssiz kölə və potensial miqrant olacağı diktator Koçaryanın qaranlıq keçmişinə yoxsa qayıtmaq niyyətindədirlər?

Hər halda seçim ermənilərin özlərinindir və onlar seçim qarşısındadırlar. Bütövlükdə Ermənistan yol ayrıcındadır. Doğru yolla, yanlış yol ayrıcında. Onilliklər boytu seçə bilmədikləri doğru yolu seçmək imkanı əldə edən ermənilər bu dəfə də yanlışlıq etsələr, heç şübhəsiz ki, vətəndaş müharibəsi, ardından isə Ermənistanın bir dövlət olaraq xəritədən silinməsi, ermənilərin ən yaxşı halda kimlərində birbaşa köləsinə çevrilməsi gözləniləndir. Yanlışlıq təkcə Paşinyanla, yaxud onun tərəfdarları, ya da əleyhidarlarında deyil. Yanlışlıq ümumiyyətlə ermənilərin onları aldadan insanların köləsinə çevrilməsindədir. Yanlışlıq ermənilərin bütün qonşuları ilə işğalçılıq siyasəti yürütməsindədir. Səhv addım ermənilərin özlərini yenə də marginallaşdırması, küncə qısılmış hala gətirməsidir. Erməni xalqının özünü uçuruma sürükləməsi məkrli niyyətindən, xəstə təxəyyüllərdən əl çəkməməsidir, indi ortalığa atılan “revanşizm” kimi axmaq fikirlər irəli sürməsi, bununla da özünü tamamilə üçüruma sürükləməsidir.