Erməni nigarançılığı...

1 Mart 2021 16:49 (UTC+04:00)

Ermənistanda "bayram"dır, mitinq-mitinqə qarışıb. Məsələn, təkcə elə bu gün üçün üç mitinq nəzərdə tutulub. Bunlardan birini Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi partiyası təşkil edib. Daha sonra, 2008-ci ilin mart ayında öldürülən nümayişçiləri yad edib, o vaxt Ermanıstana prezidentlik edən Robert Koçaryanın zatına söyəcəklər. Bu ikinci mitinq. Bir də, üç il bundan əvvəl bəh-bəhlə hakimiyyətə gətirdikləri Nikol Paşinyana hakimiyyətdən “rədd olub getməyi” təklif edəcəklər.

Necə deyərlər, bu dəqiqə ermənilərin baş qaşımağa vaxtları yoxdur. Hərə bir tərəfə dartır. Yox, yox, ölkə xalqa tövciyə verənlərdən də xali deyil. Hamısı söz demək üçün növbəyə dayanıblar.

Beləliklə SİA yenidən erməni mətbuatına istinad edir.

“Daxili siyasi böhranın hər hansı bir həlli konsensus əsasında həyata keçirildiyi təqdirdə məqbuldur”. Nə gözəl, epitet! Necə də lakonikdir. Qadın olanda nə olar ki, bir çox “eməni kişi”sindən savadlı danışır. Erməni deputat Taquhi Tovamsyanı deirəm ey... Qadın deyir ki, ay ermənilər, bu gün cəmiyyətdəki gərginlik bizi heç bir yerə aparmayacaq. Cünki, nə Robert üçün, nə də Paşinyan üçün keçirdiyimiz “1 mart”ların heç bir mənbəyi yoxdur. Ona görə də, ölkənin vəziyyətini sabitləşdirmək lazımdır. Gözəl təklifdir, amma, təəssüflər olsun ki, qadın buna hansı yolla nail olmağın yolunu hələ ki, bilmir. Ancaq, müqayisəli şəkildə də olsa xalqa sızdırmağa çalışır. Deyir, o gün qonşu Azərbaycandakı millət vəkillərindən biri bizə qarşı hərbiləşdirmə siyasəti yürüdürdü. Deməli, mən belə görürım ki, Azərbaycanda Ermənistana qarşı nifrət siyasəti hələ də dəyişməyib. Onlara qarşı biz neyləyirik, sadəcə, heç nə? Çünki Ermənistanda azərbaycanlıların bu riskləri nəzərə alınmır, bu çağırışlara qarşı heç bir şey edilmir, biz indi yalnız daxili siyasi problemlərlərimizlə məşğul oluruq.

Erməni qadın deputat sonra nə deyir, hə... Deyir ki, bu gün biz öz aramızda kimin haqlı, kimin haqsız olduğunu axtardığımız bia vaxtda, Azərbaycan özünə bir ingilis şərik də tapıb “qədim Ermənistan torpağı olan Kəlbəcərin qızıl mədənini talayır”. Deyirlər, bir azdan Zəngilandakı qızıl yatağına da baş vuracaq. Hətta çıxaracağı qızılları daşımaq üçün Füzulidə beynəlxalq hava limanı da tikir.

Biz neynirik? Hər gün İrəvandakı ya Respublika meydanına ya da Baqramyan küçəsinə yığışıb mitinq keçiririk. Məqsəd nədir, çevriliş, mən artıq buna inanmiram. Belə görünür ki, Tovamsyan düz deyir.

Çünki erməni xalqının “müdrik, ağıllı” bir xalq olduğunu bildirən İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan da bu fikirdədir. Onun fikrincə, bu gün Ermənistanda dövlət çevrilişinin klassik mənasında reallaşması çətin görünür. Səbəb dediyimiz kimi, erməni xalqında olan “hikmət”dir. Klub prezidentinə görə, bununla belə, vəziyyətin kəskinləşməsi artıq özünü büruzə verir və bu vəziyyətdə, vətəndaş qarşıdurmaları böyük ehtimalla qalibi göstərəcək. Amma, Navasardyan burada nədənsə, hissə qapılaraq, Ermənistan üçün “xarakterik” olan bu “ənənəvi” ssenarinin həyata keçirilməsinin belə, ölkəni daxili siyasi böhrandan çıxmaq üçün kifayət etməyəcəyini etiraf edir.

...Allah sənə rəhmət eləsin, Mirzə Cəlil... doğrudan da niğarançılıq pis şeymiş, amma...

Ağasəf Babayev