Şəhər dondu, hər şeyi atıb qaçdılar - MARAQLI - FOTOLAR

1 Mart 2021 15:43 (UTC+04:00)

Rusiya Federasiyasının tabeliyində olan Komi Respublikasının əhəmiyyətli şəhərlərdən biri olan Vorkutanın bir sıra bölgələri SSRİ dağıldıqdan sonra mədən sahəsində problemli günlər yaşamağa başladı. Bölgənin həddindən artıq soyuq olması, havanın temperaturunun mənfi 50 dərəcəyə qədər enməsi və işsizlik burada köçü sürətləndirdi. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, son 30 ildə əhalinin üçdə ikisi şəhəri tərk edib.

Məlumat üçün qeyd edək ki, rus şəhəri olan Vorkuta şimal qütb dairəsinin 150 kilometrliyində yerləşir. Əsas gəlir mənbəyi mədənçilik olan bu şəhər Sovet İttifaqının dağılması ilə böyük miqyasda tərk edilib.

Hər il yaşanan köç 2013-cü ildən sonra bəzi yaşayış məntəqələrini ruhlar şəhərlərinə çevirib. Vorkutadan 17 kilometr nəsafədə yerləşən Severni bölgəsində də tərk edilmiş mənzillərin daxili və xarici səthləri, mərtəbələr, pilləkənlər və hətta poçt qutuları belə buzla örtülüb.

Vorkutadan 5 kilometr uzaqlıqda parklanmış şəkildə olan texnikaların üstü tamamilə donub.

Şəhərdə ağ-qara görünüşü ilə diqqəti cəlb edən böyük buz kütlələri kömür mədənlərinin çatlamasının izlərini daşıyır. 1990-cı illərdəki 13 kömür mədənindən 8-i bağlanıb.

Heç kimin könüllü olaraq getməyəcəyi yer olaraq bilinən Vorkuta məhkumların qurduğu şəhər kimi tanınır. Vorkuta 1930-cu illərdə buzlarla əhatələnmiş çöllük ərazilərdə məhbuslar tərəfindən salınıb. Donmuş torpaqlarda təxminən 200 min siyasi məhbus basdırılıb.

Vorkutanın xarici dünya ilə yeganə əlaqəsi olan dəmir yolunu da məhkumlar inşa ediblər. Vorkuta Moskvadan qatarla 45 saat uzaqlıqda yerləşir. Hava limanından isə hava şəraitinə görə ümumiyyətlə bağlıdır.

Vorkuta şəhəri ətrafındakı qəsəbələrin getdikcə viran qalması ilə sözügedən ərazilər buz səhralarına çevrilib. Qar və buzun ələ keçirdiyi bu qəsəbələr təsirli görüntülər axtaran bloqqerlər və turistlərin diqqət mərkəzindədir.

Digər tərəfdən, son illərdə Vorkuta “Google Street View” istifadəçiləri tərəfindən dünyanın ən acınacaqlı şəhəri olaraq təyin olunub.