Qızın atası cəza tələb edir

1 Mart 2021 15:26 (UTC+04:00)

Rusiyada axşam saatlarında gediş haqqını ödəmək üçün bir rublu çatmayan 12 yaşlı qızı nəzarətçi avtobusdan düşürüb. Belə ki, soyuq küçədə tək qalan qızcığazın telefonunda sarj bitdiyindən ailəsi ilə də əlaqə saxlaya bilməyib. Rus mətbuatına istinad edən SİA qızın atasının departamentdən şikayətçi olduğunu bildirir.

Kirov şəhər prokurorluğunun verdiyi məlumata görə, hazırda 33 nömrəli marşrut avtobusu nəzarətçisinin uşağı düşürdüyü barədə məlumatlar yoxlanılır.

Yoxlama tədbirləri çərçivəsində avtomobil nəqliyyatı şirkəti işçilərinin hərəkətlərinin təşkili ilə bağlı qanunvericilik, habelə həyat və sağlamlığın qorunması haqqında qanunvericiliyin tələblərinə uyğunluğunu qiymətləndirilməlidir.

Qeyd edək ki, şikayətində israrlı olan qızın atası departamentdən avtobus nəzarətçisinin cəzalandırılmasını tələb edib. Onun sözlərinə görə, azyaşlı qıza qarşı belə biganəlik cəzasız qalmamalıdır.

Ağasəf Babayev