Xalqımız boz ayda ikinci Çərşənbəni - Od Çərşənbəsini qeyd edir

1 Mart 2021 14:55 (UTC+04:00)

Bu gün xalqımız Od çərşənbəsini qeyd edir. Artıq bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir

Xalqın tarixi ilə bağlı aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu öz maddi və mənəvi xəzinəsini qoruyub-saxlaya bilib. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq, bizim əsrə, yəni bugünkü yüzilliyə qədər gəlib çatmışdır. Hər il bəzi müsəlman dünyasının böyük həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü və adət-ənənələrini özündə yaşadan gündür. Bu bayramın qeyd olunmasına qədər, bildiyimiz kimi, dünyanın və insanın yaranması ilə bağlı müqəddəsləşdirilmiş Su, Od, Yel və Torpaq Çərşənbələri qeyd olunur. Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Bu dörd çərşənbənin qeyd olunmasının arxasında böyük həqiqətlər dayanır. Folklorşünas alimlərin fikrincə, bu çərşənbələr insanın həyata gəlişi və həyatın canlanması ilə əlaqədardır. Hər Çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilir.

Bu gün xalqımız Boz ayda ikinci Çərşənbəni - Od Çərşənbəsini qeyd edir. Bu Çərşənbə qədim insanların Günəşə, Oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Günəş insanlara sevinc gətirdiyi kimi, od da sonsuz fərəh və nikbinlik gətirir. Od - yaşamaq, yaratmaq rəmzidir. Od Çərşənbəsinə bəzən xalq arasında Xəbərçi Çərşənbə, Üskü Çərşənbə, Addı Çərşənbə, Üzkü Çərşənbə də deyirlər. İnanclara görə, odu günəşlə, işıqla və gündüzlə əlaqələndirirlər. Bu Çərşənbədə oda sitayiş edilir və onun şərəfinə şənliklər təşkil olunur. Günəş istisini arzulayan ulu babalarımız böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər. Atəşpərəst etiqadlarına görə, "müqəddəs od"u insana ağac vermişdi. Ulu babalarımız bunun şərəfinə şənliklər keçirərdilər. İnsan bədənində və təbiətin özündə qorunub-saxlanan istilik də müqəddəs hesab olunurdu. Elə bu istiliyi qoruyub-saxlamaq şərəfinə şənliklər yaranmışdı. Od ilə istinin əsas mənbəyi isə Günəş hesab olunurdu. Onu çağıran Qodu nəğmələri xalq arasında geniş yayılar, günəşin istiliyi şərəfinə Azərkan şənlikləri düzənlənirdi. İndi şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar yandırılır və tonqal başına toplananların hamısı növbə ilə 3 dəfə alovun üstündən tullanırlar. Odla bağlı xeyli atalar sözü yaranıb: "Od imandır", "Od düşdüyü yeri yandırar" və s. İnanclara görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır. Od Çərşənbəsi günü, gün doğanda dünyaya gələn uşaq göyçək və pəhləvan olar. Oda sevgi və inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə, Odu köməyə çağırıblar. Məsələn, "Od haqqı", "Oda düşəsən," "Ocağın odlu olsun", "Ocağın qazan görməsin" və s.

Ümumiyyətlə, bütün Çərşənbələrdə Od aparıcı motivdir. Bu, Od amilinin Novruzun mahiyyətində durmasına ən gözəl sübutdur.

Od Çərşənbəniz MÜBARƏK!

Zümrüd BAYRAMOVA