Həm hərb meydanda, həm də danışıqlar masasında İlham Əliyev qətiyyəti

1 Mart 2021 14:39 (UTC+04:00)

Prezident İlham Əliyev: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında...”

Bəli, bu gün qazanılan qələbələr Azərbaycan Prezidentin, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir. Və uzun sözün qısası, Böyük Azərbaycan zərrə-zərrə işğal edilsə də, ağır döyüşlərdə büdrəsə də, heç vaxt yıxılmamışdır. Dəfələrlə aramsız müharibələrə, talanlara, işğallara məruz qalan ana yurd Prezident cənab İlham Əliyevin sözləri ilə desək, heç vaxt indiki qədər qüdrətli olmamışdır.

Bəli, bunu hər bir kəs, bütün dünya görür və Azərbaycan Prezidentinin diplomatik və uğurlu siyasətinə həsəd aparırlar.

Elə feralın 26-da Prezident İlham Əliyev tərəfindən yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media orqanının 50-yə qədər suallarına tam əsaslandırılmış hər bir cavabı bir daha dneyilənlərin reallıqlarıdır. Bu tarixi mətbuat konfransında dövlətimizin başçısının xarici media nümayəndələrinin bütün suallarını təmkinlə və ətraflı cavablandırması bir daha Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunun bir daha şahidi olmaqla yanaşı, həm də Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərksilah etdi. Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə həm də olduqca mühüm mesajlar da çatdırıldı. Bütün dünyaya göstərdi ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Dövlət başçısı bildirdi ki, bu gün Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrək əldə edilmiş razılaşmaların üstündən xətt çəkmək istədiyi halda "dəmir yumruq" hər zaman yerindədir. Bir sözlə, Azərbaycan Prezidenti bu mətbuat konfranqsı ilə informasiya sahəsində də Ermənistanı tam məğlub etmiş oldu.

Mətbuat konfransında dövlət başçımız bir sıra məsələlərə də aydınlıq gətirərək, həm işğal zamanı, həm də müharibə dövründə ermənilərin törətdikləri vəhşilikləri, azərbaycanlılara məxsus müqəddəs yerlərin təhqir edilməsini jurnalistlərin diqqətinə çatdırdı və bildirdi ki, bütün bu faktları onlar öz ölkələrində işıqlandırmalıdırlar. Həmçinin, Prezident İlham Əliyev Ermənistanın baş naziri Paşinyanla qurulan təmaslar haqqında ətraflı məlumat verərək, onun ikiüzlüyünü və yalanlarını açıq şəkildə hamının diqqətinə çatdırdı. Bütün bunlarla yanaşı, dövlət başçımız Qarabağın gələcək inkişafı, görüləcək quruculuq işləri haqqında da fikirlərini bölüşdü, həmçinin, gələcəkdə regionda yerləşən dövlətlərlə sıx əlaqələrin yaradılacağını da söylədi. Və bir daha vurğuladı ki, Ermənistan Azərbaycanla mehriban və qonşuluq şəraitində yaşamağa üstünlük verərsə, bu iki xalqın keçmişdə olduğu kimi gələcəkdə də bir yerdə yaşaması mümkündür. Çünki Azərbaycan hər zaman bölgədə dayanıqlı sülhün və stabilliyin təminatçısı olmuşdur.

Qətiyyətin təntənəsi...

Ən qürurverici o idi ki, həmin brinfiqdə iştirak edən KİV nümayəndələri, eləcə də bütün dünya mətbuatında dövlətimizin başçısının sualları yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək, səlis, təfərrüatlı, dəqiqliklə, məntiqlə, tam əsaslandırılmış şəkildə, özü də müxtəlif dillərdə cavablandırması, sözün həqiqi mənasında, heyrət doğurmuşdu. Dövlətimizin başçısı mətbuat konfransında bir çox önəmli mesajlar da verdi və onun hər fikrini maraqla dinləyən geniş bir auditoriya var idi. Hər kəs Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha gördü.

Həmin mətbuat konfransında Böyük Britaniyadan olan müstəqil jurnalistin sözləri də bir daha deyilənlərin göstəricisidir: "Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə Sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım".

Həmçinin, KGK İdarə Heyətinin sədri Mehmet Ali Dim, Prezidentin 4 saatlıq fasiləsiz konfransla dünya rekordu qırdığını söyləyib: "Mən hələ belə bir səbirli lider görməmişəm. Bütün suallara səmimi cavab verdi. Azərbaycan xalqı çox şanslıdır. Bu cür təcrübəli və savadlı lider hər ölkədə ola bilməzdi".

Londonda fəaliyyət göstərən jurnalist, KGK baş katibinin müavini Aynur Tattersall isə dünya liderləri ilə görüşməyin ortalama yarım saatdan 1 saata qədər davam etdiyini bildirib: "25 ildir jurnalistəm, dünyanın dörd bir yanında mətbuat konfranslarını izləmişəm. Dünya liderinin hər suala jurnalistin öz dilində bu qədər uzun müddət cavab verdiyini ilk dəfədir görürəm".

Bax, budur Liderlik!. Necə də qürur duymayasan. Güclü ölkənin güclü, qətiyyətli lideri olmaq budur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: "Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir". Bu uğurlar, əlbəttə ki, bu son 17 illik prezidentlik fəaliyyəti nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi. Hər zaman ilklərə imza atan Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransı ilə dövlətimizin başçısı daha bir ilkə imza atdı. Bu, Azərbaycan Prezidentinin yerli və xarici media nümayəndələri ilə dörd saatdan artıq davam edən ilk görüşü idi. Dövlətimizin başçısı bu məsələyə toxunaraq dedi: "Mən bilirəm, hərdən yerli jurnalistlər də bir növ gileylənirdilər ki, niyə Prezident Əliyev mətbuat konfransları təşkil etmir, müsahibələr vermir. Mən hesab edirəm ki, hər bir işin öz vaxtı var. Sənin vermək istədiyin bir mesaj varmı və səni dinləyəcək bir auditoriya varmı? Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur".

Beləliklə, Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Azərbaycan Prezidenti bir daha dünyanın diqqətini özünə cəlb etdi. Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da gücləndirdi. İnanırıq ki, 30 ildən xeyi müddətdə işğal edilən torpaqları 44 günlük Vətən müharibəsi nəticəsində xilas edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev doğma Qarabağımızı cənnətə çevirəcək və bütün dünya bu diyarı daha da yaxından tanıyacaq.

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri