Prezident xalqımızın mübariz, rəhbərinin isə peşəkar siyasi xadim olduğunu göstərdi - ŞƏRH ÖZƏL

1 Mart 2021 14:40 (UTC+04:00)

“44 günlük Vətən müharibəsi çərçivəsində hərbi və diplomatik sahədə olduğu kimi, informasiya məkanında da Ali rəhbərliyi öz çiyinləri üzərinə götürən Cənab Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü günü yerli və xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında dörd saatdan artıq, dörd dildə, otuz beşdən çox informasiya agentliyinin əllidən artıq sualına dolğun, dəqiq və yerində cavablar verməklə bir daha sübut etdi ki, ölkə başçımız dünyanın siyasi elitasının nüfuzlu nümayəndələrindən biridir. Bunu isə mətbuat konfransında yaşanan bir neçə məqama toxunmaqla əsaslandırmaq olar. Hər şeydən öncə qeyd olunmalıdır ki, bu müharibə sadəcə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə yekunlaşmayıb, bu həm də regionda yeni reallığı yaradan tərəfin məhz Azərbaycan olduğu gerçəkliyini sübut edib. Tarixə nəzər yetirsək görərik ki, istər Birinci dünya müharbəsindən, istər İkinci dünya müharibəsindən sonra, istərsə də elə Soyuq müharibənin ardınca beynəlxalq münasibətlər sistemi yenidən formalaşdırılıb və yeni dünya nizamı yaranıb. Bu yeni dünya nizamını formalaşdıran siyasi xadimlər dünyanın siyasi mənzərəsini formalaşdıran nəhəng siyasətçilərdirsə, Prezident İlham Əliyev regionda yaratdığı yeni geosiyasi konfiqurasiya ilə məhz o siyasətçilərin arasında yer alır. Buna əlavə olaraq ən müsbət məqam ondan ibarətdir ki, ölkə başçımız regionda erməni faşizminin, terrorunun belini qırdı, tarixi ədaləti, haqqı bərpa etdi”. Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, mətbuat konfransı çərçivəsində Ermənistanın daxilində gedən proseslərlə bağlı suala Ermənistanda baş verən hadisələrin Ermənistanın daxili işi olmasını bildirməsi cənab Prezident İlham Əliyevin siyasi savadı ilə yanaşı hər zaman siyasi etika, təmkin sahibi olduğunun, Onun kübarlığını dünyaya nümayiş etdirməsi idi ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşı və konstruktiv mövqe nümayiş etdirən ölkəsi kimi heç bir region dövlətinə qarşı ərazi iddiası etməyib, sadəcə öz torpaqlarını azad etdiyi kimi heç bir dövlətin də daxili işinə qarışmır: “Bununla yanaşı, ölkə rəhbərimizin siyasi uzaqgörənlik qabiliyyəti yenə öz sözünü dedi və bildirdi ki, Ermənistanın hal-hazırda düçar olduğu acınacaqlı vəziyyətlə bağlı da proqnoz vermişdi. Xarici jurnalistlər tərəfindən Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvalanan suallar göstərdi ki, beynəlxalq aləmə işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası, Azərbaycanın regionda yeri və rolu ilə yanaşı, Azərbaycan Prezidentinin dünyada gedən proseslər haqqında rəyi də maraqlıdır. Mətbuat konfransının məhz 26 fevral tarixində seçilməsi isə göstərdi ki, vaxtilə əgər Azərbaycan informasiya blokadasına salınmışdısa, 44 günlük Vətən müharibəsi və ondan sonrakı məqamlarda artıq Azərbaycan bu sahədə də sözünü dedi və liderliyini göstərdi”.

Ş.Həsənova vurğulayıb ki, “Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir”- deyən ölkə baçımız sübut etdi ki, Vətən yolunda canından keçmiş, həyatını onun bütöv və parlaq gələcəyinə qurban vermiş qəhrəman Azərbaycan oğulları günahsız insanların qisasını almağa da özləri qadirdir: “Böyük Britaniyanın “Teleqraf” qəzetinin “Bu qorxunc soyqırımının anım günündə bizimlə görüşdüyünüzə görə təşəkkür edirəm”- deməsi ölkə başçımızın ən həssas anlarda zamanı və məqamı düzgün dəyərləndirirərək Azərbaycan xalqının maraqları istiqamətində hər zaman düzgün addım atdığından xəbər verir. Bu mətbuat konfransı bir daha sübut etdi ki, vaxtilə Xocalı soyqırımı törədiləndə dünya susmuşdusa, ində isə hər kəs Azərbaycanla hesablaşmağa məcburdur. Türkiyənin “Yeni Şəfəq” qəzetinin müxbirinin “Hörmətli cənab Prezident, səbriniz və hamımızın suallarını cavablandırdığınız üçün təşəkkür edirik”- deyə vurğulaması ölkə Başçımızın həm siyasi xadim, həm də insan kimi kübarlığından xəbər verir. Beləliklə də, dörd dildə bir yudum su içmədən ardıcıl, sistemli, məntiqli, hətta provokativ suallara belə əsaslandırılmış cavabları ilə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın başını bir daha uca etdi, bütün dünya birliyinə göstərdi ki, xalqımız mübariz xalqdır, onun rəhbəri isə peşəkar siyasi xadimdir”.