“Dövlət başçımız mətbuat konfransı ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırdı” Məşhur Məmmədov

1 Mart 2021 14:06 (UTC+04:00)

“Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə demişdir ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır, 2021-ci il də artıq qələbələrlə başlayır. Bu uğurlara elə ilin ilk günüdən şahid olduq. 2021-ci il yanvarın 4-də Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanın imzalanması, yeni təyinatlar, Azərbaycan beynəlxalq aləmdə güclü dövlət, etibarlı tərəfdaş kimi tanınması, ən əsası isə Qalib ölkənin Qalib Liderinin işğaldan azad olunmuş torpaqlara Qələbə yürüşü Azərbaycan böyük zəfərlərə, ardıcıl uğurlara doğru getdiyinin göstəricisidir. Cənab Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün videoformatda keçirdiyi tarixi mətbuat konfransı isə dünya dölətlərinin diqqət mərkəzində olmaqla bir daha dövlət başçımızın informasiya sahəsində uğurlu qələbəsini, dünya dövlətlərinin həsəd apardığı Azərbaycan Prezidenti 4 dildə 4 saatdan çox müddətdə 35 jurnalistlərin suallarını təmkinlə, sərrast və çox əhatəli şəkildə cavabları ilə Ermənistana, ermənilərin havadarlarına mühüm mesajlar verərək Azərbaycan haqqında həqiqətləri çadırdı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov bildirib.

M.Məmmədov bildirib ki, Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında Qarabağın heç bir statusunun olmadığını bir daha dünyaya çatdıraraq “Dağlıq Qarabağ” ifadəsinin yanlış olduğunu söylədi və xüsusi olaraq qeyd etdi ki, Dağlıq Qarabağ artıq mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır: "Dövlətimizin başçısı bir daha Qarabağ Azərbaycanındır və Azərbaycandır deyərək NİDAsının birdəfəlik qoydu. Ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini işlətməməliyik, mesajını verdi. Azərbaycan bu münaqişənin bir tərəfi idi və biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib. 30 il davam edən danışıqlar heç bir nəticə verməyib. Minsk qrupu yaradılsa da, onun fəaliyyəti sıfıra bərabər olub. Son 2 il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri heç özləri də bilmirdilər nə işlə məşğul olsunlar. Çünki Ermənistan baş nazirinin yersiz və təhlükəli bəyanatları onların fəaliyyətlərini də iflic və mənasız edib".

Deputat dövlət başçımızın statusla bağlı məsələyə də geniş şəkildə aydınlıq gətirdiyini söylədi: “Aranlı, dağlı Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır, biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəlində köçürülmüşdü. Bizim ölkənin başqa yerlərində də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə də statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, daha çox qarşıdurmaya xidmət göstərir. Ermənistan və erməni xalqı üçün bu (status məsələsi - red.) nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistan və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bax bu günə salan səbəblərdən biri də məhz bu idi: xülya, iddia, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynayıblar. Ona görə də status məsələsi ümumiyyətlə gündəlikdən çıxarılmalıdır”.

M.Məmmədov Prezidentin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında dil məsələsinə də aydınlıq gətirdiyini bildirib: "Azərbaycan Prezidenti bu məsələdə də öz mesajını verdi. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz. Hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər”.

Millət vəkili keçirilən mətbuat konfransında Prezident İlham Əliyevin heç bir dilə hər hansı məhdudiyyət qoyulmadığını da bildirdi: “Dövlət başçımız konfransda vurğuladı ki, rus dili Azərbaycanda çox geniş istifadə edilən dildir və bu gün bizdə sovet dövründən fərqli olaraq rus dilində daha çox qəzet və internet saytları fəaliyyət göstərir. 340-a yaxın rus bölməsi olan məktəbimiz var. Ermənistanda isə neçə belə məktəb var? Sıfır. Ermənistanda yalnız orada olan rus hərbi kontingentinin övladları üçün bir məktəb fəaliyyət göstərir. Onlarda hətta təqribən belə bir qanun da qəbul edilib ki, erməni uşaqları rus məktəblərinə gedə bilməz. Yəni bu, özlərinin qeyd etdiyi kimi, strateji tərəfdaşlarına olan diskriminasiya, ayrı-seçkilikdir. Onlar Rusiyadan hərbi resursları qəbul edirlər, bizim məhv etdiyimiz bütün silahları, hansı ki dəyəri 3-5 milyard dollar civarındadır, onlar bütün bunu Rusiyadan pulsuz almışdılar. Bu, hədiyyə və ya dırnaqarası kredit müqaviləsi əsasında olmuşdur. Həmin kredit ki, onlar heç zaman onu ödəməyəcəklər. Baxın, belə bir tərəfdaşa qarşı onlar ayrı-seçkilik edirlər. Rusiya televiziya kanallarına qarşı yeni qanunvericilik qəbul edilmişdir. Müharibədən sonra onlar bunu bir balaca, qismən aradan qaldırıblar. Onlar rus dilini qadağan edirlər, rusdilli məktəbləri qadağan edirlər. Ancaq baxın, indi Rusiya sülhməramlıları Qarabağa yerləşəndən sonra birdən bunlar rus dilini rəsmi dil kimi qəbul edirlər”.

"Ümumiyyətlə, dövlət başçımızın son 17 il ərzində istər beynəlxalq səviyyəli görüşlərdə, istərsə də verdiyi müsahibələrində mövcud reallıqları, apardığımız haqq işini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla bir daha Qələbəmizin rəmzinə çevrilən - Qarabağ Azərbaycandır və NİDA! deməklə "bu məsələnin digər açıqlaması yoxdur"- söyləyən millət vəkili Məşhur Məmmədov onu da bildirdi ki, biz haqq yolundayıq, məhz buna görə də tarixi ədalət bizim tərəfimizdədir: "Çünki bu qələbə Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının "dəmir yumruq" siyasətinin qələbəsidir. Və dövlət başçımızın keçirdiyi bu tarixi mətbuat konfransı da informasiya sahəsində əldə olunan böyük qələbədir”.

RƏFİQƏ KAMALQIZI