Musiqi məktəbinin şagirdləri Moskvada keçirilən müsabiqədə iştirak ediblər

1 Mart 2021 13:50 (UTC+04:00)

Moskva Şəhər Mədəniyyət Şöbəsinin və Qara Qarayev adına Moskva şəhər uşaq musiqi məktəbinin təsisçiliyi və təşkilati dəstəyi ilə "Açıq internet" müsabiqəsi keçirilib. Müsabiqənin münsiflər heyətinin tərkibində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev, professor Marianna Vısotskaya və Mixail Dubov olublar.

Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Rauf Hacıyev adına 15 nömrəli 11illik musiqi məktəbinin fortepiano və xalq çalğı alətləri şöbəsinin şagirdləri iştirak ediblər.

Musiqi məktəbindən SİA-ya bildirilib ki, münsiflər heyətinin qərarına əsasən, yuxarı yaş qrupu üzrə fortepiano şöbəsinin VIII sinif şagirdi, beynəlxalq və respublika müsabiqələr laureatı Əbdüləli Hüseynli "Qran-Pri" mükafatına layiq görülüb. Orta yaş qrupu üzrə VII sinif şagirdi, Prezident təqaüdçüsü Cəmil Sədizadə və VI sinif şagirdi Samirə Cəfərli isə I dərəcəli diplomla mükafatlandırılıb.

Xalq çalğı alətləri şöbəsinin yuxarı yaş qrupu üzrə XI sinif şagirdi, beynəlxalq və respublika müsabiqələr laureatı Çiçək Əliyeva I dərəcəli diploma layiq görülüb.