Bu gün Əməkdar rəssam Tahir Məmmədovun 75 yaşı tamam olur

1 Mart 2021 13:10 (UTC+04:00)

Bu gün Əməkdar rəssam Tahir Məmmədovun 75 yaşı tamam olur. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Tahir Məmmədov 1946-cı il martın 1-də Bakıda dünyaya göz açıb. 1967-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1976-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Rəssamın 1981-ci ildə Moskva şəhərində "Yunost" jurnalının təşkilatçılığı ilə ilk fərdi sərgisi açılıb. İlk sərgi rəssama böyük şöhrət qazandırıb. O, bundan sonra daha böyük əzim və həvəslə çalışıb. Məhz bunun nəticəsidir ki, onun əsərləri sərhədləri aşaraq, okeanın o üzünə qədər gedib çıxıb və mədəniyyətin, incəsənətin sərhəd tanımadığını əyani olaraq sübut edib. Belə ki, 1991-ci ildə ABŞ-ın Kaliforniya ştatında fərdi yaradıcılıq sərgisi keçirilib. Bir il sonra isə onun Parisdə "CITE INTERNATIONALE DEZ ARTS" sərgisi çərçivəsində fərdi yaradıcılıq sərgisi sənətsevərlərə təqdim olunub. Elə həmin il rəssam "ARTS TOURNELLE" qalereyasında fərdi sərgisi ilə iştirak edib. 2003-cü il rəssam Parisdə yenidən fərdi sərgi ilə sənətsevərləri bir araya gətirib. İki ildən sonra rəssamın əsərlərinin sorağı uzaq Brüsseldən gəlib. O, Belçikada təşkil etdiyi bu sərgidə də yeni əsərləri ilə iştirakçıların böyük rəğbətini qazanıb. Tahir Məmmədov 2008-ci ildə doğulduğu Bakıda ulu öndər Heydər Əliyevin 85 illiyi ilə əlaqədar təşkil etdiyi xatirə sərgisində sənət dünyasının ən son yeniliklərini ziyarətçilərə təqdim edib.
Sonradan rəssamın sərgiləri ardıcıl olaraq 2009, 2010, 2011, 2012 və 2017-ci illərdə Moskvada, Bakıda, Parisdə açılıb. Bu illər ərzində onun bu şəhərlərdə hətta müxtəlif vaxtlarda iki sərgisi təşkil olunub. Tahir Məmmədovun dünyanın müxtəlif ölkələrində baş tutan fərdi sərgiləri Azərbaycan təsviri sənətinin təbliğində duyulası iz qoyub.
Milli təsviri sənətimizin inkişafına verdiyi töhfələrə görə "Azərbaycan Respublikasının Əməkdar rəssamı" (2002) fəxri adını alan, yaratdığı orijinal biçimli əsərlərinə görə SSRİ Rəssamlıq Akademiyasının xüsusi diplomuna layiq görülən (1992), Azərbaycan Rəssamlar İttifaqının "Sultan Məhəmməd" (2001), "Bakılı" cəmiyyətinin nüfuzlu "Humay" (2004) mükafatlarını və II "Ənənəvilik və müasirlik" beynəlxalq müsabiqəsinin birinciliyini əldə edən Tahir Məmmədovun adı müasir təsviri sənətimizi dünya miqyasında ləyaqətlə təmsil edən sənətkarların sırasında çəkilir.
Yaradıcılığını təkmilləşdirmək məqsədilə bir neçə il xarici ölkələrdə yaşayıb yaradan Tahir Məmmədov istər rəngkarlıq janrında, istərsə də bədii fotoqrafiya sahəsində öz dünyagörüşünü əsərlərində ustalıqla əks etdirən istedadlı sənətkardır. Onun əsərləri dünyanın müxtəlif muzey və qalereyalarında, o cümlədən Tretyakov Qalereyasında (Moskva), "Şərq Xalqları" Muzeyində (Moskva), Bədii Sərgilər Direktorluğunun Fondunda (Moskva), "ARTS Turnelle" sərgi salonunda (Paris), "Edmon Rozenfeld" qalereyasında (Paris), eyni zamanda ABŞ, Almaniya, Yaponiya və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır.

Azərbaycan Rəssamlar İttifaqının "Gənclər bölməsi"nə rəhbərlik edən və Azərbaycan Rəssamlıq Akademiyasının professoru vəzifəsində çalışan Tahir Məmmədov bu gün həm də yetişməkdə olan - sənətdə ilk addımlarını atan yeni nəslə hərtərəfli dəstək verən yaradıcı pedaqoqlardan sayılır. ..
Ötən əsrin yetmişinci illərində "Bayraq ləyaqət rəmzidir" tablosu ilə məşhurlaşan T.Məmmədov çox tezliklə realizmdən qaynaqlanan bədii ümumiləşdirmələr sahəsində nəhayətsiz yaradıcı potensiala malik olduğunu sərgiləmiş oldu.

Onun müxtəlif janr və mövzu müxtəlifliyi ilə seçilən rəngkarlıq əsərlərinin bədii tutum baxımından özünəməxsus olması birmənalıdır. "Müjdəçi", "Abşeron", "Qızmar natürmort", "Rembrandtla görüş", "Söhbət", "İlham", "Səhər uçuşu", " Simurq" və s. tablolarında qeyd etdiyimiz bədii keyfiyyətlərin əyani ifadəsini görmək mümkündür.

Rəssamın "Almalar dənizdə" seriyasından tabloları Abşeronda və Bakıda yaradılmış mənzərə janrında əsərlərdir. Tahir Məmmədov öz əsərlərində Azərbaycanın təbiətini tərənnüm edir. Xəzərin günəşli sahili, Abşeronun gözəl meyvələri, sarımtıl-qırmızı rəngli almaları yuyan zərif dalğalar rəssamın uşaqlıq illərinin xoş xatirələrini canlandırır. Həmin əsərlərin mövzuları doğma diyarın təbiətinə vurğun olan rəssamın daxili aləmi ilə həmahəngdir.

Tahir Məmmədov həm də Azərbaycan fotoqrafiyası tarixində ana dilimizdə yazılmış ilk kitabın -"Bədii fotoqrafiya" adlı dərs vəsaitinin müəllifidir.

Göz açdığı məmləkətə, mənsub olduğu millətə sonsuz sevgi ilə bağlı olan Tahir Məmmədov deyir: " Mənə hər zaman Azərbaycanın bənzərsiz gözəllikləri ilham verib. Rəsm çəkməyə başladığım ilk gündən indiyədək üzərimdə böyük məsuliyyət hiss etmişəm. Çalışmışam ki, çəkdiyim əsərlərlə Azərbaycan təsviri sənətinə az da olsa töhfə verim. Bu yolda bacardığımı etmişəm. Həm də böyük ustadlardan öyrəndiklərimi gənclərlə bölüşürəm. İstəyirəm ki, sənətə istedadlı gənclər gəlsin. Sevinirəm ki, belə gənclər var. Ona görə də Azərbaycan təsviri sənətinin gələcəyini daha parlaq görürəm".
Yeni yaradıcılıq axtarışlarından da söz açan sənətkar deyir ki, yaxın vaxtlarda sənətsevərlərə yeni əsərlərini təqdim edəcək.
Biz də Əməkdar rəssamı ad günü münasibətilə təbrik edib, ona yeni uğurlar arzuladıq.