Qərb-Rusiya münasibətlərindən Qorbaçov da narahatdır NÜVƏ PROBLEMİ GÜNDƏMDƏ

1 Mart 2021 11:54 (UTC+04:00)

Keçmiş SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov indi "bütün dünyanın nüvə problemi ilə mübarizə aparmasının" lazım olduğuna əmindir və nüvə müharibəsinin yolverilməzliyinə dair formullarının Ronald Reyqanla təsdiqlənməsinin tərəfdarıdır. SİA xəbər verir ki, bu barədə keçmiş Sovet lideri 90 illik yubileyi ərəfəsində RİA Novosti-yə verdiyi müsahibəsində deyib.

O, indiki dövrü "məsuliyyətli və çox çətin" adlandırıb. Buna baxmayaraq, Qorbaçov "ümidsizliyə qapılmaq olmaz", deyib. "İnanmalıyıq. Həmçinin hərəkət etməliyik. Birincisi, bütün dünya nüvə problemini həll etmək üçün səfərbər olmalıdır. Mən gördüm ki, Rusiya bütün nüvə güclərinə bu formulu təsdiqləməyi təklif edib. Nüvə müharibəsi qəbuledilməzdir, bu zaman qalib ola bilməz. Mən nüvə problemini həll etməyin tam tərəfdarıyam. Ronald Reyqan və mən bunu 1985-ci ildə keçirdiyimiz ilk görüşdə birlikdə bəyan etmişik. Nəticədə nüvə tərksilah prosesi başlayıb, baxmayaraq ki bu asan deyildi", deyə. Qorbaçov bildirib.

Keçmiş SSRİ lideri bənzər əməkdaşlığın həyatın bir çox digər sahələrində də mümkün olduğuna inandığını deyib.

Xatırladaq ki, son zamanlar Rusiya ilə Qərb arasında münasibətlər tərəflər üçün heç də arzuolunan səviyyədə deyil. Qərb Rusiyaya qarşı sanksiyaların tətbiqinin vacibliyini bəyan edir. Sözsüz ki, bu sanksiya tətbiqi məsələsi də əbəs yerə ortaya atılmayıb. Bütün bunlar münasibətlərin korlanmasının təzahürü kimi qiymətləndirilir. Bu rakursda çox güman ki, nüvə silahının tətbiqi qorxusu peyda olub.