Azərbaycanlı alim Əlişir Nəvaiyə həsr olunan videokonfransda çıxış edib

1 Mart 2021 09:36 (UTC+04:00)

İsmayıl bəy Qaspiralı adına respublika Krım-tatar kitabxanasında türk dünyasının böyük şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvainin 580 illiyinə həsr olunan videokonfrans təşkil edilib. SİA-nın məlumatına görə, “Əbədi klassiklərimiz: Əlişir Nəvai” adlı videokonfransı kitabxananın direktoru Gülnara Yəhyayeva açaraq Əlişir Nəvainin həyatı, dövrü və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Bildirib ki, bu il türk dünyasında böyük şairin anadan olmasının 580 illiyi qeyd edilir.

Konfransda bir çox ölkələrin alimləri məruzələrini təqdim ediblər. Yazıçı, şair Abulaziz Vəliyev məruzəsində Krım-tatar müəlliflərinin dəfələrlə Əlişir Nəvainin yaradıcılığına müraciət etdiklərini, onun əsərlərinin tərcümə olunduğunu qeyd edib. O, klassik sənətkardan yenicə tərcümə etdiyi bir qəzəli dinləyicilərə oxuyub.

Əhməd Zəki Validi adına Başqırdıstan Milli Kitabxanasının şöbə müdiri Azad İbrahimov “Əlişir Nəvai irsinin ortaq dəyərləri” mövzusunda çıxış edib.

Beynəlxalq Nəvai Fondunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Uluğbəy Səttarov tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək qeyd edib ki, Əlişir Nəvainin əsərlərinin əlyazma və faksimel nüsxələri dünyanın bir çox ölkələrinin əlyazma fondlarında qorunur. Uluğbəy Səttarov məruzəsi zamanı həmin nüsxələrin fotosurətlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Özbəkistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Folklor İnstitutunun əməkdaşı, dosent Gülnaz Səttarovanın Nəvai irsi mövzusunda məruzəsi dinlənilib.

Videokonfransda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” adlı məruzəsi dinlənilib. A.Ülvi qeyd edib ki, Əlişir Nəvainin “Mühakimətul-lüğəteyn” (1902) və “Hədisi ərbəin” (1907) əsərlərinin fotonüsxələri Azərbaycan Milli Kitabxanasında qorunur. Hər iki əsər İsmayıl bəy Qaspiralının giriş sözü ilə Baxçasarayda nəşr olunmuşdu.

Daha sonra Əlişir Nəvainin əlyazma və qədim nəşrləri, xüsusən İsmayıl bəy Qaspiralı adına respublika Krım-tatar kitabxanasında olan kitabları videonümayiş olunub.