Avstraliya saytı Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanın bu ölkədəki Səfirliyinin bəyanatını yayıb

1 Mart 2021 00:53 (UTC+04:00)

Avstraliyanın “vibemedia.net.au” saytı Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin bəyanatını yayıb.

SİA xəbər verir ki, bəyanatda 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlılarının Dağlıq Qarabağ ərazisində yerləşən qədim Azərbaycan şəhəri Xocalıya hücum edərək təqribən 7 min sakini olan bu şəhəri yerlə-yeksan etməsindən, silahsız mülki vətəndaşları qətlə yetirməsindən bəhs olunur. Hərbi münaqişələr zamanı sakinlərin mühafizəsinin təmin edilməsinin və qanunun aliliyinin qorunmasının zəruriliyi vurğulanır.

Qeyd edilir ki, həmin vaxt əliyalın sakinlər hücum edən erməni silahlıları nə uşaqlara, nə qadınlara, nə də yaşlılara aman verməyib. Sənəddə deyilir: “Erməni silahlıları tərəfindən heç bir günahı olmayan dinc sakinlərə qarşı törədilən bu soyqırımı aktı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı dinc sakinlərə qarşı törədilən ən qanlı hadisədir”, - deyə bəyanatda vurğulanır.

Bildirilir ki, Xocalı sakinləri məhz azərbaycanlı olduqlarına görə planlı şəkildə qətlə yetiriliblər, əsl etnik təmizləmə məqsədi daşıyan bu soyqırımı həmin torpaqların həqiqi sakinlərinin kökünün kəsilməsinə, onların izlərinin silinməsinə xidmət edib. Erməni silahlı qüvvələri tərəfindən işğal edilən şəhərin yüzlərlə sakini öldürülüb, şəhər özü isə yerlə yeksan edilib. Həmin gecə qətlə yetirilən 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-si yaşlı kişi olub. Faciə nəticəsində 1275 nəfər girov götürülüb, 150 nəfərin isə taleyi hələ də məlum deyil. Şəhərin 76-sı yetkinlik yaşına çatmayan uşaq olmaqla, 487-i sakini ağır yaralanıb, altı ailə tamamilə məhv edilib, 26 uşaq hər iki, 130-u isə bir valideynini itirib. Həlak olanların 56-sı xüsusi qəddarlıqla qətlə yetirilib.

“Ermənistan Respublikası insanlığa qarşı yönəlmiş bu cinayətlərini 2020-ci ilin payızında baş vermiş II Qarabağ müharibəsi zamanı da planlı şəkildə davam etdirib”, – deyə sənəddə qeyd edilir. Bildirilir ki, həm Xocalı soyqırımı, həm də 2020-ci ildə Azərbaycan şəhərlərinin raket atəşlərinə məruz qalması Ermənistan rəhbərliyinin Azərbaycan vətəndaşlarına qarşı sistemli zorakılıq aktlarını birbaşa təsdiq edir.

Sənəddə, həmçinin II Qarabağ müharibəsi zamanı Azərbaycanın Ermənistan üzərində əldə etdiyi böyük qələbənin işğaldan azad edilmiş torpaqlarımızda görüləcək böyük bərpa işlərinə yol açdığı da qeyd edilir.