“Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur FOTOLAR

28 Fevral 2021 14:28 (UTC+04:00)
Sosial Xidmətlər Agentliyinin "Qocalar evi" kimi tanınan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin, habelə Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sakinlərinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya bildirilib ki, peyvəndləmə işləri sakinlərin sağlamlıq və fiziki vəziyyətlərindən asılı olaraq iki istiqamətdə aparılır: müəssisəni tərk etmək imkanı olan şəxslər tibb müəssisələrinə aparılaraq peyvənd olunurlar. Digərləri üçün isə tibb işçiləri müəssisəyə dəvət edilir, sakinlərin peyvəndlənməsini yerində həyata keçirirlər. "Qocalar evi"ndə hazırda 200-ə yaxın, Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 70 şəxs yaşayır. Hər iki müəssisədə sakinlərin rahat yaşayışı və reabilitasiyayönümlü sosial xidmətlərlə təmin olunmaları üçün müasir tələblərə uyğun şərait yaradılıb.