"Əcnəbi əsgərlərin Azərbaycanda fəaliyyəti müvəqqəti xarakter daşıyır" Azərbaycan Prezidenti (VİDEO)

27 Fevral 2021 16:56 (UTC+04:00)

"Əcnəb əsgərlərin Azərbaycanda fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır"

SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib: "Biz hədəfə çatdıq. Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpa edilməsi idi, buna nail olduq, hərbi qələbə qazandıq. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanına aldıq.

Əcnəbi əsgərlərə gəldikdə, onların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyanı icra edirlər, hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən bir müəyyən problemlər üzə çıxır, bəzi problemlər yaşanır. Amma, ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fəaliyyəti beş il müddətinə nəzərdə tutulur. Əgər beş ildən sonra Azərbaycan bu məsələ ilə bağlı fərqli fikir sərgiləsə, əlbəttə ki, onların da fəaliyyətinə son veriləcəkdir. Eyni zamanda, artıq bu barədə mən öz fikirlərimi bildirdim. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir. Onu da bildirməliyəm ki, bəzən dünyada, eyni zamanda, Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür. Onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda, azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacaq. Çünki Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə onların fəaliyyəti hesab edirəm ki, müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil".