Anar Kərimov Latviyanın Azərbaycandakı səfiri ilə görüşüb FOTOLAR

27 Fevral 2021 14:04 (UTC+04:00)

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançs ilə görüşüb. SİA-nın məlumatına görə, səfiri salamlayan Anar Kərimov iki ölkə arasında mədəni əlaqələrdən söz açıb. Bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan nazir Latviya ilə yaradıcı mədəniyyət sənayeləri, habelə kino və musiqi sahələrində qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirib.

Azərbaycan və Latviya arasında imzalanan əməkdaşlıq sənədlərinə toxunan Anar Kərimov bu zəmində layihə yönümlü fəaliyyətə üstünlük verilməsinin əhəmiyyətini qeyd edib.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Dainis Garançs Latviya tərəfinin də sıx əməkdaşlığa hazır olduğunu ifadə edib. Diplomat iki ölkə arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək birgə layihələrin bu əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı mədəniyyət tədbirlərinin keçirilməsi, müasir incəsənətin inkişafı, kino sahəsində fəaliyyət göstərən ekspertlərin iştirakı ilə ustad dərslərinin təşkili, filmlərin çəkilməsi və digər sahələrdə təcrübə mübadiləsi və bu prosesə gənclərin, tələbələrin cəlb olunması məsələləri müzakirə edilib.

Müzakirə zamanı Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində Ermənistan tərəfindən dağıdılan tarixi-mədəni abidələrin, təcavüzkar siyasətə məruz qalan mədəni irsimizin bərpası ilə bağlı məsələlərə toxunulub.

Sonda gələcək əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.