“Dünya mətbuatının Azərbaycana münasibəti dəyişir, reallıq artıq daha yaxşı dərk edilir" - Dövlət başçısı

27 Fevral 2021 03:00 (UTC+04:00)

“Mən bilirəm ki, hərdən yerli jurnalistlər də bir növ gileylənirdilər ki, niyə Prezident Əliyev mətbuat konfransları təşkil etmir, müsahibələr vermir. Mən hesab edirəm ki, hər bir işin öz vaxtı var. Sənin vermək istədiyin bir mesaj varmı və səni dinləyəcək bir auditoriya varmı? Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur. Bu gün sizinlə razılaşıram ki, bu da xüsusi bir gündür. Mənə məlumat veriləndə ki, xarici jurnalistlərdən ibarət qrup buradadır və Hikmət Hacıyev bunu mənə deyəndə mən düşündüm ki, bu, yaxşı bir imkandır. Ona görə sizin hər birinizə təşəkkürümü bildirirəm, siz gəlməsəydiniz yəqin ki, bu mətbuat konfransı da baş tutmayacaqdı”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı dünya mətbuatının Azərbaycana qarşı münasibətinə də toxunub və bildirib ki: “Dünya mətbuatının Azərbaycana münasibətinə gəldikdə, deyə bilərəm ki, bu məsələ artıq dəyişir. Bu məsələyə yanaşma dəyişir, fikirlər dəyişir və reallıq artıq daha yaxşı dərk edilir. Bunun ən yaxşı yolu Azərbaycana gəlməkdir. Biz başqa xarici ölkədə sizinlə görüşsəydik, sizə eyni sözləri desəydim siz bunu fərqli şəkildə qəbul edə bilərdiniz. Ancaq bu gün siz buradasınız, siz hamınız peşəkarsınız, ağıllı insanlarsınız və bilirsiniz ki, doğru və yanlış nə deməkdir. Siz həmin dağıdılmış ərazilərə səfər edirsiniz və bu, hər bir sözdən artıqdır, bunu öz gözünüzlə görmək imkanınız olur. Ona görə hesab edirəm ki, müharibə vaxtı mən, səmimi desəm, bir balaca fərqli yanaşma gözləyirdim, çünki uzun illərdir ki, Azərbaycana qarşı ədalətsizlik hökm sürürdü, bizə qarşı müxtəlif media qrupları tərəfindən hücumlar var idi. Bəzən bu, məlumat qıtlığından qaynaqlanırdı, ancaq bir çox hallarda erməni lobbi təşkilatlarının sayəsində baş verirdi. Onlar hər zaman Azərbaycana qarşı hücumlar edirdilər. Bəziləri hesab edirəm ki, o qədər də müstəqil olmayan media şirkətləri idi. Amma mən, sözün açığı, gözləyirdim ki, müharibə zamanı bizə qarşı ədalətsizlik olacaq. Ancaq ümumi deyə bilərəm ki, bu, məni təəccübləndirdi ki, Azərbaycana qarşı ədalətli mövqe var idi. Bunun da əlbəttə, səbəbi ondan ibarətdir ki, biz haqlı idik, biz öz ərazilərimizi işğaldan azad edirdik. Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun. Nəyə görə mən bunu deyirəm? Mən bilirəm ki, biz əlaqələndirilmiş, təşkilatlanmış informasiya hücumuna məruz qalırdıq. Bu əməllər bizim etdiyimizi gözdən salmaq, bizə ləkə yaxmaq və Azərbaycan haqqında, onun hökuməti haqqında yanlış təsəvvürlər yaratmaq məqsədi daşıyıb. Ona görə də sizə səslənirəm ki, həqiqəti söyləyin, mövqeyinizi açıq ifadə edin. Ola bilər ki, bu, jurnalistlərə verə biləcəyim o qədər də yaxşı tövsiyə olmaz. Amma rəhbərlərinizin dediklərinə hər zaman əməl etməsəniz, bəlkə daha yaxşı olardı”.