"Xocalı qurbanlarının qanı yerdə qalmadı"

26 Fevral 2021 18:04 (UTC+04:00)

YAP Qazax rayon təşkilatında Xocal faciəsinin 29-cu ildönümü qeyd edildi

26 fevral 2021-ci il tarixdə YAP Qazax rayon təşkilatında 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn formatda iclas keçirildi. İclası giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri H.Pənahov açdı və onun təklifi ilə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. H.Pənahov bildirdi ki, xalqımız tərəfindən bu faciənin 29-cu ildönümünü əvvəlki illərdən fərqli anılır. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev yerli və xarici media nümayəndələri üçün 3 saatdan artıq vaxt ərzində keçirdiyi mətbuat konfransında qeyd etdi ki, “Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən ikinci Qarabağ Müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğaıçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının qanını da aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın. Halbuki belə meyillər görünməkdədir. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli-praktiki addımlar atır.” Doğrudan da Xocalı qurbanlarının qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində Xocalıda həlak olanların qisası alındı. İndi onların ruhları şaddır.

H.Pənahov Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımının ağlasığmaz qəddarlığından danışaraq bildirdi ki, bu soyqırım bəşəriyyətə qarşı tarixi bir cinayətdir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.

Xalqımız bu faciəni heç vaxt unutmayacaq. Faciə zamanı həlak olan insanların xatirəsi həmişə ehtiramla yad olunacaqdır. Anım tədbirində YAP Qazax rayon təşkilatı İdarə Heyətinin üzvlərindən Valeh Vəliyev, Anar Nəbiyev, Vüsal İsmayılov, partiya fəalı Şəhadət Abbasov,BDU Qazax filialı ərazi ilk partiya təşkilatının sədri Hamlet İlyasov çıxış etdilər. Xocalı faciəsinin dəhşətlərindən danışaraq bu amansız faciənin heç vaxt unudulmayacağını bildirdilər.

Yığıncağı YAP Qazax rayon təşkilatının sədri H.Pənahov yekunlaşdıraraq Xocalı qurbanlarına Allahdan rəhmət dilədi.

Rəfiqə