Su qıtlığı: bəşəriyyət özü-özünü xilas etməlidir - ARAŞDIRMA

26 Fevral 2021 16:34 (UTC+04:00)

Yaxud, qlobal problemlərdən necə çıxa bilərik?

Məlum olduğu kimi, su qıtlığı suya olan tələbatın şirin su resursları tərəfindən qarşılanmaması anlamını daşıyır. Belə ki, su qıtlığı hər qitəyə təsir edir və keçən əsrdən sonra dünya nüfuzunun iki dəfə artması ilə bərabər su istifadəsinin artımı quraqlıqların çoxalmasına və bölgələrin susuz qalmasına səbəb olub. SİA-nın verdiyi məlumata görə, digər tərəfdən, daha bir faktor budur ki, sürətlə böyüyən şəhər və kəndlər su qaynaqları üzərində ağır təzyiq edərək su qıtlığını artırmaq ehtimallarını yüksəldir. Beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcəkdir. Dünya üzrə statistik göstəricilərə nəzər yetirdikdə görünür ki, iqlim dəyişikliyinə görə, 2030-cu ilə qədər dünyada yaranacaq su qıtlığı 24 milyon ilə 700 milyon insanı yerindən edəcək. Dünyanın ən böyük yeraltı su sistemlərinin üçdə biri hazırda təhlükə altındadır. Qlobal əhalinin demək olar ki, yarısı ən azı bir ay potensial suqoruma sahələrində yaşayır və 2050-ci ildə 4.8-5.7 milyarda yüksələ bilər. Həmçinin, su qıtlığı təsirinə məruz qalan insanların 73% -nin Asiyada yaşadığı məlum olub.

Su qıtlığı problemini həll etmək üçün iqtisadi artımla, sudan istifadə arasındakı asılılığı aradan qaldırmaq mümkündür

Bu zaman sual yaranır: bəs su qıtlığının aradan qaldırılması üçün hansı vasitələrdən istifadə etmək olar? Yaxud, hansı ölkələr bu problemin həll olunması yönündə öz tətbiqlərini icra edirlər? Misal üçün, Polşada istifadə olunan suları, yaxud, işlənmiş, yararsız suları qablaşdırırlar. Qablaşdırılmış sular sonradan həm texniki məqsədlərə işlədilir, həm də müxtəlif sutəmizləyici qurğular vasitəsi ilə yenidən içməli suya çevrilir.

Ümumiyyətlə, aparılan araşdırmalardan o da məlum olub ki, su qıtlığı problemini həll etmək üçün iqtisadi artımla, sudan istifadə arasındakı asılılığı aradan qaldırmaq mümkündür.

Su qıtlığı yaşayan qitələrdən biri də Afrikadır. Belə ki, Afrika hətta su qıtlığı yaşayan qitələrin önündə dayanır. Statistik rəqəmlər də göstərir ki, Afrikada bir milyard insan keyfiyyətli su əldə edə bilmir. Bu isə səkkiz insandan birinin keyfiyyətli su, yaxud içməli su əldə edə bilməməsi deməkdir.

Bir çox beynəlxalq təşkilatlar, xüsusən də Birləşmiş Millətlər Təşkilatı su qıtlığı yaşanan bölgələrlə məşğul olur və problemlər üçün alınacaq tədbirlərlə əlaqədar qabaqlayıcı tədbirlər görür və həlli yollarını təklif edir. Hər il su qıtlığı mövzusunda təşkil edilən seminar və forumlarda, insanların məlumatlandırma məqsədi ilə internetdə xüsusi hazırlanmış saytlar yayımlanır. Həmçinin bəlli olub ki, Afrikada və Ekvatorda su probleminin olmasının səbəblərindən biri də bu bölgələrdə yağışların müntəzəm qaydada yağmamasıdır.

Alimlər hesab edirlər ki, iqtisadi artımla sudan istifadə arasındakı asılılığı aradan qaldırmaq olar.

BMT-nin statstikasına görə:

- Dünya nüfuzunun yarısı planetin ən quraq yerində məskunlaşıb.

- Dünyada hər saatbaşı 200 uşaq çirkli su probleminə görə hayatından məhrum olur.

- Hər il 3,41 milyon insan təmiz su, sanitariya və gigiyena ilə bağlı səbəblərə görə həyatını itirir.

- 783 milyon insan təmiz su, 2,5 milyard insan da məişət istifadəsi üçün nəzərdə tutulmuş su əldə edə bilmir.

- İldə 6-8 milyon insan su ilə bağlı xəstəliklərə görə həyatını itirir.

- Dünya nüfuzunun yarısından çoxu kəndlərdə yaşıyır, bu statistika hər keçən gün artmağa davam edir.

- Nüfuzun artması ilə bərabər 2030-cu ildə qida tələbatının 50 faizi, enerji ehtiyacının isə 60 faizinin artması gözlənilir. Bütün bunlar kənd təsərrüfat fəaliyyətinin sürətlənməsinə və su ilə yaşanan problemin artmasına səbəb olacağı öncədən görülür.

BDU-nun Hidrometeorologiya kafedrasının müdiri, professor Fərda İmanov: “Son hesablamalara görə Yer kürəsinin şirin su ehtiyatları təqribən 9-10 milyard nəfərin ehtiyaclarını ödəmək üçün yetərincədir”

Mövzu ilə bağlı SİA-ya münasibət bildirən BDU-nun Hidrometeorologiya kafedrasının müdiri, professor Fərda İmanov bildirib ki, 1970-ci illərdən başlanan qlobal istiləşmə təkzibolunmaz faktdır və bu, çoxsaylı müşahidə məlumatları ilə təsdiqlənir. Belə ki, hava və okean suyunun qlobal orta temperaturu artmış, qar və buzlaqların əriməsi sürətlənmiş, okeanın qlobal orta səviyyəsi qalxmışdır. “Sənayeləşmə dövrü başlanandan (1750-ci il) 2018-ci ilə kimi Yerin səthində qlobal orta temperatur 0.780C artmışdır və son 60 ildə istiləşmə daha da sürətlənmışdir”, deyən Fərda İmanov əlavə edib ki, okeanların səviyyəsi ildə 2-3 mm artır. O, 1970-ci ildən sonra quraq ərazilərin sahəsinin iki dəfə genişləndiyini də bildirib və əlavə edib ki, su ilə əlaqədar üç əsas problem vardır və bunların hər biri iqlim dəyişmələri şəraitində kəskinləşir:

- Suyun həddən artıq çox olması (daşqınlar, sellər, subasmalar). 1950-1980-ci illərlə müqayisədə 1996-2015-ci illərdə böyük daşqınların sayı 2, onların vurduğu iqtisadi ziyan isə 5 dəfə çoxalıb.

- Su çatışmazlığı (quraqlıq). 1970-ci ildən sonra quraq ərazilərin sahəsi iki dəfə genişlənmişdir.

- Suyun həddən artıq çirklənməsi.

Professor qeyd edib ki, atmosferə atılan parnik qazlarının miqdarı sabitləşsə belə, istiləşmə və okeanların səviyyəsinin qalxması ən azı 100 il ərzində davam edəcəkdir: “XXI əsr ərzində orta enliklərdə, o cümlədən bu enliklərdə yerləşən Azərbaycanda, yağıntıların illik miqdarının 20%-ə kimi azalması proqnozlaşdırılır. Qar örtüyünün sahəsi 9-17% azalacaqdır. Əksinə, şiddətli yağıntılar daha tez-tez müşahidə olunacaqdır.

Artıq 2050-ci ildə planetimizin hər 4 nəfərindən biri su çatışmazlığından əziyyət çəkən ölkədə yaşayacaq. Azərbaycanın da belə ölkələr sırasında olacağı proqnozlaşdırılır. Son hesablamalara görə Yer kürəsinin şirin su ehtiyatları təqribən 9-10 milyard nəfərin ehtiyaclarını ödəmək üçün yetərincədir. Demoqrafik proqnozlara görə təxminən 2070-ci ildə artıq əhalinin sayı bu rəqəmə çatacaqdır”.

Onun sözlərinə görə, gələcəkdə quraq ərazilərin su təchizatında iki mənbə – sudan təkrar istifadə və duzlu suların şirinləşdirilməsi böyük rol oynayacaqdır: “Lakin, nəzərə almaq lazımdır ki, duzlu suların şirinləşdirilməsinə böyük miqdarda enerji tələb olunur və bu, bahalı texnologiya hesab olunur. Mövcud su anbarlarının faydalı həcminin artırılması, yeni su anbarlarının inşası, suyun quraq ərazilərə nəql edilməsi də tövsiyə olunur”, Fərda İmanov bizə açıqlamasında vurğulayıb.

Eyyub Hüseynov: “Heç kəs suyu tam dərk edə bilmiyib ki, su necə bir sehrli materialdır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə mövcud problemlə bağlı fikirlərini açıqlayarkən deyib ki, o, 4 il öncə Marseldə keçirilən və 25 min insanın çağırıldığı Dünya Su konqresində iştirak edib. Belə ki, həmin konqresdə iştirak edəndən sonra o, dünyada su ilə bağlı hansı problemlər olduğunu dərk edib: “Su Allahın yaratdığı ecazkar təbiətin möcüzəsidir və mən bir daha bunu həmin konqresdə anladım. Həmin zamandan sonra cəmiyyətdə mümkün qədər suya qənaət etməyi təbliğ edirəm”.

Onun sözlərinə görə, bütün maddələr istidə genişlənir lakin su, həm istidə həm də soyuqda genişlənir: “Suyun iyi, dadı, qoxusu yoxdur və eyni zamanda yer üzündə yeganə materealdır ki, heç vaxt onun miqdarı təbiətdə dəyişmir. İnsanlar onu sanki çirkləndirir. Lakin o, yenidən düşür yerə və ərşə qalxaraq, buxarlanaraq təmizlənir və bir daha insanlara qayıdır. Hec kəs suyu tam dərk edə bilmiyib ki, su necə bir sehrli matrealdır”.

“Suyun ecazkarlığı məni həmişə cəzb edir və 10 gün öncə mən Xaçmazda xüsusi icazə alaraq Şollar su mənbəyinə diqqət yetirdim”, deyə xatırladan Eyyub Hüseynov bildirib ki, şollar suyunun mənbəyi dağın altından çıxan almaza bənzəyir və bu da insanlara verilən İlahi nemətdir: “İnsan bədənin 85%-i sudur və deməli biz xəstəliklərimizin səbəbini də suda axtarmalıyıq. Düşünürəm ki, dünyada su qıtlığı problemi yaranarsa, Azərbaycandan da yan keçməyəcək. Təsəvvürünüzə gətirin ki, suya əlçatanlılıq olmayan, su qıtlığı yaşayan ölkələrin insanları nə qədər böyük əzablar çəkirlər. Dünya konqresinə qatılandan sonra "Azərsu" ASC-nin sutəmizləmə qurğularına baxmışam, dünyadakı təcrübə ilə müqayisə etmişəm. "Azərsu" normal qaydada suyu təmizləyir. Lakin onun keyfiyyəti ilə bağlı istehlakçılardan şikayətlər də gəlir. Bu isə infrastrukturun köhnəlməsi ilə bağlıdır. Düşünürəm ki, həmin sahədə də yenilənmələr aparılacaq və suyun təmiz təchizatı istiqamətində planlar reallaşdırılacaq. O ki, qaldı su ehtiyatlarının azalmasına, bəli dünyada bu proses gedir. Mən keçən il Özbəkistanda idim. O ərazilərdə Aral dənizinin quruması və bu quraqlığın önünü almaq üçün çox ciddi işlər aparılır. Təəssüflər olsun ki, Azərbaycanda su resurslarına diqqətlə yanaşmırlar və su resursları daim çirkləndirilir, suda olan flora-fauna diqqətdən kənarda qalır və bu sahədə də ciddi problemlər qalmaqdadır”.

Eyyub Hüseynov azad olunmuş Qarabağ torpaqlarındakı böyük su mənbələrinin mövcud olan bir sıra problemlərin aradan qaldırılmasına töhfə verəcəyini də istisna etməyib. “Qarabağda yeni su anbarının istifadəyə verilməsi Azərbaycan hökmətinin bu sahədə gördüyü işlərin başlanğıc nöqtəsidir və bu proses yaxın gələcəkdə müntəzəm xarakter alaraq, su probleminin, qıtlığının aradan qaldırılmasında mühüm rol oynayacaq”.

Azad İstehlakçılar Birliyinin sədri sonda bildirib ki, su resurslarına qənaət etmək üçün ciddi işlər davam etdirilməlidir. Belə ki, su israfının qarşısını almaq üçün su istifadəsindən sonra təmizlənib dövriyyəyə buraxılmalıdır. “Bakı şəhərində texniki su yoxdur və ona görə də su resursları daim çirkləndirilir və Xəzər dənizinə axıdılır. Bunun nəticəsində dəniz də çirkləndirilir. Bütün bunlar indi kiçik problemlər olaraq görülürsə, bir müddət sonra həmin problemlərin miqyası arta, fəlakətə çevrilə bilər”, deyə Eyyub Hüseynov bizə açıqlamasında qeyd edib.

Beləliklə, görünən budur ki, insan oğlu öz gələcəyinin qorunması, mühafizəsi üçün bir nömrəli olan həyat mənbəsi – suyu israf etməməli, su hövzələrinin artırılmasının qarşısını alan bəşəri problemlər yaradan amillərə əl atmamalıdır. Əks halda, insanlıq düşdüyü su böhranından çıxa bilmək ehtimallarını azaldacaq.

Qönçə Quliyeva